Cənubi Koreya prezidenti Li Çje Myon milli komandanın DÇ-2026-dakı uğursuz çıxışından təəccübləndiyini bildirib və İdman Nazirliyinə komandanın gözlənilən nəticəni göstərə bilməməsinin səbəblərini araşdırmağı tapşırıb.

Matc.az xəbər verir ki, 62 yaşlı siyasətçinin sözlərini "The Athletic" nəşri yayıb.

Prezident milli komandanın saxlanılmasına dövlət və vergi ödəyicilərinin vəsaitlərinin xərcləndiyini xatırladaraq, dövlət idman qurumlarını təhqiqata çağırıb:

"Bu gözlənilməz nəticəyə sadəcə təəccüblənmədim, tamamilə məyus oldum. Dünya çempionatında iştirak üçün vergi ödəyicilərinin böyük vəsaitlərinin və dövlət dəstəyinin xərcləndiyini nəzərə alaraq, Mədəniyyət, İdman və Turizm Nazirliyindən bu hadisənin dəqiq hallarını dərindən araşdırmağı, səbəblərini təhlil etməyi xahiş edirəm. Gələcəkdə belə halların qarşısını almaq və vəziyyəti yaxşılaşdırmaq üçün kompleks tədbirlər hazırlanmalıdır".

Xatırladaq ki, "Asiya pələngləri" cari dünya çempionatında qrup mərhələsini adlaya bilməyərək turnirlə vidalaşıblar. Xon Myon Bonun yetirmələri turnirə Çexiya üzərindəki qələbə ilə (2:1) başlasalar da, növbəti oyunlarda nəticələr aşağı düşüb. Meksika (0:1) və CAR (0:1) yığmalarına eyni hesabla uduzan Cənubi Koreya turnirdə yoluna davam edə bilməyib.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest