“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas Azərbaycan Premyer Liqasının X turunda “Turan Tovuz”a 2:3 hesabı ilə uduzduqları matçdan sonra fikirlərini bölüşüb. Matc.az Sportal.az-a istinadən xəbər verir ki, litvalı mütəxəssis rəqibin qələbəyə layiq olduğunu bildirib.
Dambrauskas komandasının ilk hissədə müdafiədə boşluqlar verdiyini, ikinci yarıda isə daha yaxşı təsir bağışladığını söyləyib.
“Rəqibi qələbə münasibətilə təbrik edirəm. Onlar bu gün bizdən daha yaxşı oynadılar və qələbəyə layiq idilər. Gərgin mübarizənin şahidi olduq. İkinci hissədə komandam çempionluq xarakteri göstərdi. Ancaq ilk yarıda rəqibə çox boşluqlar verdik və onlar bundan istifadə etdilər. Məğlubiyyətin məsuliyyətini öz üzərimə götürürəm. Taktiki planlarımızdan bəziləri istədiyimiz kimi işləmədi”, – deyə baş məşqçi vurğulayıb.
O, “Sabah”ın növbəti rəqibi “Vikinq”lə oyuna hazırlıq prosesinə də toxunub. Mütəxəssis sıx təqvimin futbolçuların fiziki vəziyyətinə təsir etdiyini qeyd edib.
Dambrauskasın sözlərinə görə, komanda hər üç-dörd gündən bir meydana çıxır və bərpa üçün kifayət qədər vaxt tapa bilmir. Buna baxmayaraq, “Sabah” Çempionlar Liqasında uğurlu nəticə qazanmaq üçün əlindən gələni edəcək.
Baş məşqçi Umarali Raxmonaliyevin qarşıdakı görüşə hazır olduğunu, Velko Şimiçin isə zədə səbəbindən sual altında qaldığını bildirib.
Dambrauskas rəqibin uzunmüddətli məğlubiyyətsizlik seriyasının onları qorxutmadığını da əlavə edib. O, “Sabah”ın “Vikinq”in zəif tərəflərini araşdıraraq səfərdən sərfəli nəticə ilə qayıtmağa çalışacağını söyləyib.




_1793388838.jpg)


_1694603125.png)





