"Mançester Yunayted"in sabiq baş məşqçisi Erik ten Haq komandanın keçmiş hücumçusu Kriştiano Ronaldo ilə işləyərkən qarşılaşdığı çətinliklərdən danışıb. Mütəxəssis portuqaliyalı ulduzun məşqləri buraxdığını və Premyer Liqada "Brentford"a məğlubiyyətdən (0:4) sonra cəza olaraq qaçılmalı olan üç dövrədən yalnız ikisini yerinə yetirdiyini xatırlayıb.

Matc.az xəbər verir ki, bu barədə "The Athletic" nəşri məlumat yayıb.

Ten Haq onun nizam-intizam problemlərinə diqqət çəkib: "Ronaldo həm məni, həm də komandanı yarıyolda qoydu, çünki biz onunla birlikdə oynamağı planlaşdırırdıq. Mən "Mançester Yunayted"ə gəlməzdən əvvəl nəyi hədəflədiyimi onunla danışmaq üçün Portuqaliyaya uçmuşdum. Şübhəsiz ki, o, futbol tarixinin ən yaxşılarından biridir, ona böyük hörmətim var idi. Lakin həmin vaxt bir məşqçi kimi optimal qərar qəbul etməli və komandada yalnız işindən razı qaldığım futbolçuları saxlamalı idim.

Bunu onun özünə də birbaşa dedim. Dəfələrlə təkrar etdim: "Ronni, hamı sənə kömək etmək üçün çalışır ki, lazımi yerdə olasan, amma sən özün cərimə meydanına daxil ola bilmirsənsə, qol vura bilməyəcəksən". O, sadəcə buna qadir deyildi. Mənim ondan pressinq gözlədiyimi və onun yorulduğunu iddia etmək düzgün deyil. Ronaldo sadəcə bunu yerinə yetirə bilmirdi. O, nə topla, nə də topsuz qaçırdı. Səbəb isə hazır olmaması idi.

Hər bir aparıcı komanda özünün ən yaxşı futbolçusunun dəyərini bilməlidir, lakin ən yaxşı oyunçu özü də komandanın xeyrinə çalışmaq öhdəliyi daşıyır. O, futbolçulara "Məşqlərdə ayaqlarınızı qoruyun" deyirdi. Əla formada olanda, yaxşı məşq edəndə ayaqları qorumaq istəyini anlayıram. Amma lazımi fiziki hazırlıq səviyyəsinə çatmaq üçün ilk növbədə məşq etmək lazımdır.

Oyunçular təşəbbüsü üzərlərinə götürməlidirlər, onların üzərində böyük məsuliyyət var. Bəziləri üçün futbol ən yüksək prioritet deyil. Bəziləri üçün isə "Mançester Yunayted" ən yüksək prioritet deyildi".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest