"Sabah Tovuz və Azərbaycan voleybolu üçün böyük bayram olacaq".

Matc.az xəbər verir ki, bunu "Turan" voleybol klubunun prezidenti Həsən Zeynalov Çempionlar Liqasında Xorvatiya "Mladost"unna qarşı keçirəcəkləri II təsnifat mərhələsinin ilk oyunundan əvvəl mətbuat konfransında deyib.

Klub rəhbəri avrokubok təcrübələrinin olmamasına rəğmən, hədəflərinin qrup mərhələsinə yüksəlməkdən ibarət olduğunu diqqətə çatdırıb: "Hazırlıqlarımız və həyəcan yüksək səviyyədədir. Oyunadək bir məşqçimiz qalıb. İnanırıq ki, vəzifəmizin öhdəsindən gələcəyik".

O, transfer çalışmalarının plan üzrə getdiyini də diqqətə çatdırıb: "Transferlərlə baş məşqçimiz Ziya Rəcəbov məşğul olub. Sadəcə, burada böyük klublar transferlər edirlər. Daha çox isə azad agentlərə üstünlük verilir. Mən isə azarkeş kimi görülən işlərdən razıyam. Hədəfimiz qrup mərhələsi, daha sonra digər mərhələlərdir".

Zeynalov 9 ildən sonra Azərbaycana Çempionlar Liqasının gəldiyini söyləyib. Bu nailiyyəti məhz "Turan"ın əldə etməsindən məmnunluq ifadə edən klub rəhbəri Tovuzda voleybola da marağın olduğunu diqqətə çatdırıb: "Araşdırma apardıq ki, Tovuza maraq böyük imiş. Özüm də təəccüblənirik ki, bu maraq hardandır".

O, sensasiya etməyə çalışacaqlarını söyləyib: "Eyni istəklə davam edəcəyik. Bu layihə bir günlük deyil. Voleybolda da perspektiv var".

Zeynalov kapitan Ayşən Abduləzimovanın Azərbaycan millisində jurnalistlərlə yaşadığı problemdən xəbərdar olduğunu da vurğulayıb: "Anlaşmazlıq hər yerdə olur. O da xanımdır. Üzərinə getmək olmaz. Özü ilə danışmışıq. Söz verirəm ki, bir daha belə problem yaşanmayacaq. Sizdən də onun üzərinə çox getməməyi xahiş edirəm".

O, vitse-prezident vəzifəsində çalışdığı "Turan Tovuz" futbol klubunda İdarə Heyətinin sədri Ehtiram Quliyevlə bağlı son zamanlar yayılan şayiələrə də diqqət çəkib. Zeynalov Quliyevi əvəzləyəcəyinə dair iddiaları təkzib edib: "Bu vəzifəyə Ehtiram müəllim tərəfindən təyin olunmuşam. O, nə qədər buradadır, mən də buradayam. Nə vaxt getsə, mən də onunla gedəcəyəm. "Turan Tovuz"un bütün oyunlarında iştirak etməyə çalışacağam".

Klub rəsmisi "Turan Tovuz"un qeyri-sabit çıxış etməsi ilə razılaşmayıb: "Dünən "İmişli"yə məğlubiyyət məni də qane etmədi. Uduzmamalı idik. Amma bir oyunla qiymətləndirməyək. inanıram ki, bu vəziyyəti dəyişəcəyik".

Zeynalov futbol komandasında baş məşqçi dəyişikliyinə getməyi düşünmədiklərini dilə gətirib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest