Türkiyə Superliqasının 31-ci turunda "Qalatasaray" doğma meydanda "Fənərbaxça" ilə üz-üzə gələcək.
Türkiyə futbolunun ən böyük qarşıdurmalarından biri – İstanbul derbisi bu gün yenidən futbolsevərlər həyəcan yaşadacaq.
Matc.az xəbər verir ki, Türkitə Superliqasının 31-ci turunda "Qalatasaray" doğma meydanda "Fənərbaxça" ilə üz-üzə gələcək.
"Rams Park"da keçiriləcək oyun həm çempionluq yarışına, həm də mövsümün psixoloji üstünlüyünə ciddi təsir edə bilər. Son illərdə hər iki klubun forması yüksəkdir və bu da derbini daha da gərgin keçəcəyinə işarədir.
Statistikaya baxdıqda, bu rəqabətin necə balanslı və eyni zamanda dramatik olduğunu görmək mümkündür. Ümumilikdə 405 rəsmi oyununun 150-də "Fənərbaxça" qələbə qazanıb. "Qalatasaray"ın 125 qalibiyyəti var. 125 görüşdə isə heç-heçə qeydə alınıb. "Sarı-lacivərdlilər"in vurduğu 546 qola, "sarı-qırmızılılar" 505 qolla cavab verib.
Bu rəqəmlər göstərir ki, derbi heç vaxt bir tərəfin tam dominantlığı ilə yadda qalmayıb – hər zaman sürprizlər üçün açıq olub.
Son qarşılaşmalar isə daha fərqli mənzərə yaradır. "Qalatasaray" son 7 çempionat oyununda "Fənərbaxça"ya qarşı cəmi 1 dəfə uduzub. Bu isə göstərir ki, tarixi üstünlük "Fənərbaxça"da olsa da, son illərdə "Qalatasaray" psixoloji üstünlüyü müəyyən qədər ələ keçirib.
Statistika bərabərliyə işarə etsə də, İstanbul derbilərində kağız üzərindəki rəqəmlər çox vaxt heç nə demir.
Qeyd edək ki, "Qalatasaray" 71 xalla trunir cədvəlinin zirvəsində yer alıb. "Fənərbaxça" isə 67 xalla ikinci sırada qərarlaşıb. "Rams Park"da baş tutacaq derbi saat 21:00-da start götürəcək.












