Portuqaliyanın paytaxtı Lissabonda UEFA-nın təşkilatçılığı ilə “Məktəblərdə Futbol” mövzusunda seminar keçirilir.

Portuqaliyanın paytaxtı Lissabonda UEFA-nın təşkilatçılığı ilə “Məktəblərdə Futbol” mövzusunda seminar keçirilir.

Matc.az xəbər verir ki, 21–23 aprel tarixlərini əhatə edən tədbir Avropa ölkələri arasında məktəb futbolunun inkişafı, kütləviliyin artırılması və uşaqların idmana cəlb olunması istiqamətində təcrübə mübadiləsinin genişləndirilməsini hədəfləyir.

Seminarda 19 ölkəni – Azərbaycan, Portuqaliya, Avstriya, Belçika, Danimarka, İngiltərə, Finlandiya, Almaniya, Macarıstan, İtaliya, Niderland, Polşa, İrlandiya, Şotlandiya, İsveç, İsveçrə, Türkiyə və Uelsi təmsil edən nümayəndə heyəti iştirak edir. Tədbir çərçivəsində məktəblərdə futbol layihələrinin tətbiqi, uşaqların erkən yaşlardan idmana marağının artırılması, inklüzivlik və gender bərabərliyi prinsiplərinin təşviqi kimi mühüm mövzular müzakirə olunur.

Seminarda AFFA-nı Kütləvi Futbol Departamentinin rəhbəri Fərrux İsmayılov, departamentin aparıcı mütəxəssisləri Orxan Mikayıllı və Ziya Səfərov təmsil edirlər. Nümayəndə heyəti seminar çərçivəsində müxtəlif ölkələrin uğurlu təcrübələri ilə tanış olur, interaktiv sessiyalarda iştirak edir.

Qeyd edək ki, bu cür tədbirlər UEFA-nın kütləvi futbol strategiyasının əsas istiqamətlərindən biri olmaqla, üzv assosiasiyalar arasında bilik və təcrübə paylaşımının gücləndirilməsinə xidmət edir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest