Belçikalı hücumçu Romelu Lukaku qeyri-müəyyən müddətə "Napoli"nin məşqlərindən və oyunlarından kənarlaşdırıla bilər.
Matc.az xəbər verir ki, bu barədə İtaliya çempionlarının mətbuat xidməti məlumat yayıb.
Ötən həftə Belçika millisinin məşqçilər heyətinin onu komandanın mart oyunlarına daxil etməmək qərarından sonra Lukakunun Napoliyə qayıtmadığı bildirilib. Hücumçu Belçikada qalıb və klub nümayəndələrinin zənglərinə cavab verməyib.
Bu gün "Napoli" vəziyyətlə bağlı rəsmi açıqlama yayıb:
"Napoli bəyan edir ki, Romelu Lukaku məşqlər bərpa edildikdə bu gün komandanın təlim-məşq düşərgəsinə gəlməyib. Klub oyunçunu qeyri-müəyyən müddətə əsas heyətdən kənarlaşdırmaq kimi intizam tədbirləri tətbiq etmək hüququnu özündə saxlayır", - deyə açıqlamada bildirilir.
Qeyd edək ki, bu mövsüm 32 yaşlı belçikalı "Napoli"də 7 oyunda 1 qol vurub və cəmi 64 dəqiqə meydanda olub. Lukaku zədə səbəbindən mövsümün əhəmiyyətli bir hissəsini buraxıb.








_1774978346.jpg)



