Baş məşqçisini dəyişərək özünə gələn “Kəpəz” digər autsayderlərə də nümunə göstərdi. İşlər yolunda getmirsə, ilk növbədə nəticəyə cavabdehlik daşıyan şəxs yola salınmalıdı.

“Qəbələ” ilə “Karvan-Yevlax” da belə islahata hamilədi. Bu komandalar son sıralardan uzaqlaşa bilmir  və dəyişiklik qaçılmazdı.

Xüsusilə yevlaxlılar qəti addım atmalıdı. Gedişat göstərir ki, Azər Həşimov Premyer Liqanın yükünü daşıyacaq mütəxəssis deyil. Özünü vitse-prezident elan edəndən bəri baş qəlyan tüstüsündən ayılmayan Kənan Kərimov heyəti yaxşı komplektləşdirməyib, Həşimov isə faktiki onun dedikləri ilə oturub-durur.

Bu cütlük dünən Sumqayıtdakı darmadağından sonra istefa verməli idi. Çünki 1:4 təsadüf deyidi. 5 məğlubiyyətdən üçü böyük hesabla olub, komanda Premyer Liqanın ən pis futbolunu oynayır. Çəkinmədən “Karvan-Yevlax”ın son pilləyə əsas namizəd olduğunu demək olar. “Kəpəz” böhranda olmasaydı, sonuncu yerdə məhz bu komanda qərarlaşardı. Gəncəlilər özünə gəldiyindən ədalət tezliklə bərqərar olacaq. Klub rəhbərliyi bütün körpülər yandırılmamış ayılsa, yaxşı olar.

Kaxaber Sxadadze “Qəbələ”nin baş məşqçi postunda ömrünü bir qədər uzatdı. “İmişli”yə məğlubiyyət gürcü mütəxəssisin yola salınmasıyla nəticələnəcəkdi. Səfər heç-heçəsi ən azı daha bir tur nəfəs almağa yetərli olacaq. Lakin 2:0 hesablı üstünlüyü əldən vermək məhz məşqçinin günahı sayılmalıdı. Ona görə də klub rəhbərliyi arxayınlaşmamalıdı.

“İmişli” nisbətən rahat mövqedədi. Lakin debütantda da eniş müşahidə olunur. Bununla belə, daha bərbad oynayan komandalar varkən, bu əyalət təmsilçisini qınamaq olmur. Hazırda qovulmağa əsas namizəd Azər Həşimov, daha sonra Kaxaber Sxadadzedi. “Kəpəz” onlardan hansını ötsə, həmin komanda istefa qərarını verəcək.

futbolinfo.az

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest