"Bu, sadəcə üç xal dəyərində bir oyundur. Məqsəd təkcə çoxlu qol vurmaq deyil, amma fürsət yaranarsa, əlbəttə ki, bundan çəkinməyəcəyik".
Fransa millisinin futbolçusu Kilian Mbappe DÇ-2026-nın seçmə mərhələsinin Azərbaycanla oyunundan əvvəl keçirilən mətbuat konfransında iştirak edib.
Matc.az xəbər verir ki, "Real"ın hücumçusu sabahkı qarşılaşmada meydanda olmaq istədiyini bildirib:
"Sabah oynamaq istəyirəm, məşqçi də mənim oynamağımı istəyir. Düşünürəm ki, ciddi bir problem olmayacaq. Bu gün komanda ilə məşq edəcəyəm, bu, son sınaq olacaq. Amma xüsusi bir narahatlığım yoxdur və dünya çempionatına doğru yoluma davam etməyi planlaşdırıram. Əgər desəm ki, istənilən rəqibə qarşı qol vura bilərəm, doğru olmaz. Azərbaycan millisi Ukrayna ilə heç-heçə edib. Biz də Ukrayna ilə matçda asanlıqla qələbə qazana bilmədik. Bu, sadəcə üç xal dəyərində bir oyundur. Məqsəd təkcə çoxlu qol vurmaq deyil, amma fürsət yaranarsa, əlbəttə ki, bundan çəkinməyəcəyik. Olivye Jirunun rekorduna gəlincə, düşünürəm ki, onu qıracağam, amma nə vaxt olacağını bilmirəm. Bəlkə sabah, kim bilir?"












