Sabah Misli Premyer Liqasında VII tura start veriləcək. Matc.az xəbər verir ki, turun oyunları 3 gün ərzində baş tutacaq. İlk gündə iki qarşılaşma təşkil olunacaq.
Tura "Araz-Naxçıvan" - "İmişli" matçı ilə start veriləcək. "Liv Bona Dea Arena"da keçiriləcək qarşılaşma saat 17:00-da başlayacaq. Ötən tur hər iki komanda heç-heçə edib. Hazırda "Araz-Naxçıvan"ın 11, "İmişli"nin isə 8 xalı var.
Turun mərkəzi oyunu Zirə Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq. Burada ev sahibi "Zirə" mövsümə uğursuz başlayan "Neftçi"ni qəbul edəcək. Bu mövsüm məğlubiyyətsiz yeganə komanda olan "Zirə"nin aktivində 12, "Neftçi"nin isə 7 xalı var.
İkinci oyun günündə də iki duel olacaq. Ötən gün Çempionlar Liqasında "Kopenhagen"i məğlub edən "Qarabağ" "Azersun Arena"da autsayder "Kəpəz"i sınağa çəkəcək. Çempionatda 5 oyun keçirən "Qarabağ"ın 10 xalı var və potensial liderdir. "Kəpəz" isə 6 oyunun hamısında meydanı məğlub tərk edib.
"Turan Tovuz" bu turda Sumqayıta səfər edəcək. Tovuzlular şəhərin eyniadlı komandasının qonağı olacaq. 4 qələbə qazanıb, 2 dəfə məğlub olan "Turan Tovuz" hazırda liderdir. Onlardan 1 xal geridə olan "Sumqayıt" isə 3-cü yerdədir.
Tura ayın 5-də keçiriləcək iki oyunla yekun vurulacaq. "Sabah" Şamaxı şəhər stadionunda "Karvan-Yevlax"ın qonağı olacaq. "Sabah" 6-cı turda "Sumqayıt"la, "Karvan-Yevlax" isə "Neftçi" ilə heç-heçə edib. Hazırda Masazır təmsilçisinin 8 xalı var. Yevlaxlılar isə 5 xal toplayıb.
Son oyun Qəbələdə keçiriləcək. Rayonun eyniadlı komandası Qəbələ şəhər stadionunda "Şamaxı"nı qonaq edəcək. 6 turdan sonra "Qəbələ"nin 4, "Şamaxı"nın isə 6 xalı var.
Misli Premyer Liqası, VII tur
3 oktyabr (cümə)
19:30 “Zirə” – “Neftçi”
Zirə İdman Kompleksinin stadionu
17:00 “Araz-Naxçıvan”– “İmişli”
“Liv Bona Dea Arena”
4 oktyabr (şənbə)
17:00 “Qarabağ” – “Kəpəz”
“Azersun Arena”
19:30 “Sumqayıt” – “Turan Tovuz”
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
5 oktyabr (bazar)
17:30 “Qəbələ” – “Şamaxı”
Qəbələ şəhər stadionu
15:00 “Karvan-Yevlax” – “Sabah”
Şamaxı şəhər stadionu












