FİFA Malayziya millisinin yeddi futbolçusunu sənədləri saxtalaşdırdıqları üçün 12 ay müddətinə futboldan kənarlaşdırıb.
Matc.az xəbər verir ki, bu barədə məlumatı qrumun mətbuat xidməti paylaşıb.
Onların arasında "Alaves"in müdafiəçisi Fakundo Qarses də var. Qabriel Felipe, Rodriqo Holqado, İmanol Maçuka, Joao Fiqeyredo, Jon İrazabal və Hektor Alejandro Jevel Serrano da sanksiyaya məruz qalıb. Bütün oyunçular Argentina, İspan, Braziliya və Niderland mənşəlidir.
Bildirilir ki, federasiya yuxarıda adı çəkilən oyunçuları qeydiyyata almaq üçün saxta sənədlər təqdim edib. Onların hamısı Asiya Kubokunun üçüncü təsnifat mərhələsinin Vyetnamla qarşılaşmasında (4:0) heyətə daxil edilib və oyun zamanı meydanda olub.
Hər bir idmançıya 12 ay müddətində futbolla bağlı hər hansı fəaliyyətdə iştirak qadağan edilir. Onların hər biri 2000 İsveçrə frankı (təxminən 2100 avro) məbləğində cərimə edilib. Malayziya Futbol Assosiasiyası 350 min İsveçrə frankı (təxminən 374 min avro) məbləğində cərimə ödəməli olub.
Futbolçuların və federasiyanın şikayət etmək üçün 10 gün vaxtı olduğu bildirilir. Qərardan FİFA-nın Apellyasiya Komitəsinə şikayət verilə bilər.












