Ötən mövsüm 4-cü, indiki çempionatda 5-ci turdan sonra “Kəpəz”lə müqaviləsinə xitam verilən Adil Şükürov baş məşqçi postundan “əliboş” getməyib.
Matc.az xəbər verir ki, Adil bəy komandadan 4 aylıq kompensasiya istəyib. Bu da təxminən 40 min manat edir.
Bizdə olan məlumata görə, “Kəpəz”i ötən mövsüm Premyer Liqada saxlayan, gəncəli azarkeşlərin sevimlisi Azər Bağırovun maaşı 7500, amma iki dəfə komandadan uzaqlaşdırılsa da, menecer Erkin İbrahimovla yaxşı münasibəti olduğu üçün Adil Şükürovun maaşı 9900 manat təşkil edib.
Yəni, iş görənə, nəticə verənə 7500, uğursuzluğa görə iki dəfə komandadan kənarlaşdırılan məşqçiyə 9900 manat maaş veriblər.
Klubdan isə bizə dedilər ki, həqiqətən də Şükürova kompensasiya ödənilib: “Bəli kompensasiya ödənilib, amma 4 ay deyil”.
“Neçə ayın kompensasiyası ödənilib” sualına isə dedilər ki, bu, məxfi məlumatdır, açıqlanmır.