"İmişli"nin yarımmüdafiəçisi Abbas Ağazadə Misli Premyer Liqasının 5-ci turunun "Karvan-Yevlax"la oyunundan (3:0) sonra Matc.az saytına müsahibə verib:
- Ağır oyun oldu, çünki bundan qabaq "Sumqayıt"la matçda qələbə qazanmağımıza baxmayaraq, xalımız silinmişdi. Bu, bizim üçün önəmli oyun idi. Əgər bu qarşılaşmada da məğlub olsaydıq, bizim üçün çətin olacaqdı. Komanda şəklində yaxşı hazırlaşmışdıq. Komandamızın müdafiə sistemi yaxşı idi, amma az qol vura bilirdik. Bu oyun, şükür Allaha ki, həm çox qol vura bildik, həm qol buraxmadıq. Bu, bizim üçün önəmli idi. Şükür ki, 3 xalı qanadıq. Növbəti oyunlara daha da yaxşı hazırlaşacağıq. Ağır matçlar var qabaqda, çempionat hələ təzə başlayıb.
- “Sumqayıt”la görüşdə texniki məğlubiyyət verilməsə idi, faktiki ikinci yerdə idiz. Ağlınıza gələrdi ki, Premyer Liqaya vəsiqə qazanan komanda liderlər sırasında olacaq?
- Əbəttə ki, xeyr. Onu fikirləşməzdik. Komanda yığılandan, xarakterini görəndən sonra, bir məqsəd uğrunda mübarizə aparırıq. Məşqçili, futbolçulu, rəhbərlikli yaxşı nəticə verməyə çalışırıq. İnanırıq ki, bundan sonra yaxşı nəticələr göstərəcəyik.
- Texniki məğlubiyyətdən sonra bu qısa müddətdə nə dəyişdi. Təbii ki, ruh düşkünlüyü yaranmışdı, komanda necə toparlandı?
- Rəhbərliklə söhbət oldu. Problemi başa saldılar və biz də onu qəbul etdik. Çünki artıq olmuş bir şey idi. Bununla yaşasaydıq, “Karvan-Yevlax”la oyunda bizi məğlubiyyət gözləyə bilərdi. Onun üçün biz də çalışdıq ki, o oyunun bu matça təsiri olmasın. Şükür Allaha ki, təsiri olmadı, qələbə qazandıq. "Sumqayıt"la oyun keçmişdə qaldı, irəli baxacağıq.
- Həm "İmişli", həm də rəqibiniz "Karvan-Yevlax" I Liqadan gəlib. Orakı oyunla burdakı oyunda fər var idi?
- Əlbəttə fərq var. İstər-istəməz var. Çünki I Liqada olan futbol, taktika əsas liqadan daha fərqlidir. Burada daha səviyyəli legionerlər, daha səviyyəli futbolçular var. Əlavə olaraq, bura elə yerdir ki, mübarizə aparmaq üçün daha böyük məqsədlərin var. Onun üçün oyunlar ağır keçir. I Liqada "Karvan- Yevlax"la oynayanda da bizim üçün ağır keçirdi, çünki onlar güclü rəqibdir. Şükür ki, biz daha yaxşı olduq və qələbə qazandıq. İnanıram ki, komanda şəklində daha yaxşısını edə bilərik. Buna qadir bir komandayıq.
- Siz yaxşı oynadız, yoxsa"Karvan-Yevlax" zəif oynadı?
- Məncə, biz yaxşı oynadıq.