"Kəpəz"in portuqaliyalı qapıçısı Rojerio Santos Matc.az saytına müsahibə verib:

- "Sumqayıt"la matçda qələbə qazana bildiniz. Matçla bağlı fikrin necədir?

- Birinci hissəni çox yaxşı oynadıq və 1:0 önə keçdik. Bu da ikinci hissədə öz effektini göstərdi. "Sumqayıt"a qarşı yaxşı müdafiə olunduq.Ümumi götürsək, "Kəpəz"in ən yaxşı oyunlarından olduğunu demək olar. Yaxşı futbol oynadıq.

- Öz oyununuzdan öncə əsas rəqiblərinizdən olmuş "Səbail"in "Zirə"yə qarşı matçını izləmişdiniz?

- Xeyr, həmin oyuna baxmamışdım. Çünki bizim öz oyunumuz var idi. Mən "Sumqayıt"la görüşə fokuslanırdım. İkincisi də, biz işimizi kiminsə şansına buraxmaq fikrində deyildik, öz oyunumuza fokuslanmışdıq. "Sumqayıt"la görüşdə yaxşı nəticə qazanacağımıza inanırdıq.

- Oyuna baxmasan belə, "Səbail"in "Zirə"yə uduzmasından sonra meydana daha rahat çıxmamışdınız?

- Mənim üçün heç bir fərqi yox idi. Heç o barədə fikirləşmirdim. Sadəcə "Sumqayıt"la fokuslanmışdıq. İstədiyimizi də əldə etdik. Aktivimizə növbəti qələbəni yazdırdıq. Premyer Liqada qaldığımızı rəsmiləşdirdiyimiz üçün şadam.  İlk  8 oyunda "Kəpəz" məğlub olmuşdu. Heç kim inanmırdı. Hamı deyirdi ki, "Kəpəz" aşağı liqaya doğru gedir. Sübut etdik ki, "Kəpəz" güclüdür.

- "Sumqayıt"la görüşdə yaxşı seyvlər etdin. Özünü oyunun qəhrəmanı hesab edirsən?

- Biz burada fərdlərdən danışa bilmərik. Çünki komanda şəklində oyunu udub, uduzuruq. Uğur varsa, kollektiv şəklindədir, şəxsi heç nə yoxdur. Bizim yaxşı ailə ortamımız var.

- Mövsüm sona yaxınlaşır. "Kəpəz"in performansını və Azərbaycandakı karyeranı necə dəyərləndirirsən?

- Mən ən birincisi öz işimi görmüşəm. Komandaya xeyrim dəyibsə, nə gözəl. TOP komandalar üzərində qələbələrimiz oldu. Bu mövsüm daha çox oldu. Bundan sonra da iki oyunumuz var. Yenidən qələbələrlə özümüzü və komandamızı sevindirmək istəyirik.

- Yeni müqavilə ilə bağlı "Kəpəz"lə danışığınız olub?

- Hələ ki heç nə yoxdur.

- "Kəpəz"dən təklif gəlsə, ilk seçimin burada qalmaqdır, yoxsa digər təklifləri dəyərləndirəcəksən?

- Bu dəqiqə heç nə yoxdur. Amma gələrsə, dəyərləndirib qərarımı verəcəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest