“Qarabağ”ın sabiq futbolçusu Elvin Məmmədovun matc.az saytına müsahibəsi
- "Qarabağ" Avropa Liqasının pley-off mərhələsində "Braqa" ilə cavab matçında böyük çətinliklə üzləşsə də, sonda tarixi nəticəyə imza atmağı bacardı. Oyun və qazanılan uğurla bağlı fikirləriniz necədi?
- “Qarabağ”ı Azərbaycan xalqına bu sevinci yaşatdığı üçün təbrik edirəm. Biz belə nailiyyətlərin xəyalını qururduq. Şükürlər olsun, bunu yaşadıq. İnşallah, davamlı olar. “Qarabağ”ın uğuru Azərbaycan futbolu adına çox böyük nəticədi.
- Oyundakı hakim idarəçiliyi haqda nə deyə bilərsiniz?
- Hakim sarıdan həmişə - həm milli komandalarda, həm də klublarımızın avrokuboklardakı oyunlarında əziyyət çəkmişik. Bu, ilk hal deyil.
- “Braqa” ilə görüşdə "Qarabağ"ın heyətində ən çox kimin oyununu bəyəndiniz?
- Hər kəs mübarizə apardı. Yəni komanda olaraq döyüşdülər. Bir nəfəri seçməli olsam, Marko Yankoviçin adını çəkərdim.
- Baş məşqçi Qurban Qurbanov oyundan sonra gözyaşlarını saxlaya bilmədi. Vaxtilə onun rəhbərliyi altında oynamısınız. Bilirik ki, Qurbanovun gözyaşlarını ancaq xüsusi uğurlar zamanı görmək mümkündü. Başqa hansısa məqamlarda onun kövrəkliyinin şahidi olmusunuz?
- Qurban müəllim göründüyü kimi deyil. Çoxu onu həmişə ciddi görüb. Əslində isə çox kövrək insandı. Mən “Qarabağ”da oynadığım vaxtda da belə idi. Sadəcə, kövrəkliyini göstərməməyə çalışır. Qeyd etdiyiniz kimi, tarixi nəticələrdə daha kövrək olur.
- “Braqa”ya Bakıda qol vuran Nəriman Axundzadə yaxın müddətdə ölkə xaricində oynaya bilər, yoxsa hələ bir müddət “Qarabağ”da möhkəmlənməlidi?
- Öncə vacib qol vurduğu üçün Nərimanı təbrik edirəm. Məncə, ona ölkə xaricinə çıxmaq üçün hələ tezdi. Məşqçiləri bunu daha yaxşı bilirlər. “Qarabağ”ın məşqçiləri legioner həyatına doğru addım atmalı olduğu vaxt ona yol göstərəcək, nə etməli olduğunu başa salacaqlar.
- “Qarabağ”ın Avropa Liqasındakı növbəti rəqibinin “Bayer” olduğunu biləndə hansı hissləri keçirdiniz? Bu komanda ilə oyunlarda nəyəsə ümid etmək olar?
- Bu mərhələdə zəif rəqib anlayışı yoxdu. “Qarabağ” hər rəqibə başağrıdı. Artıq bunu Avropanın bütün komandaları bilir. “Bayer” olduqca yaxşı komandadı. Həm Bundesliqada, həm də Avropa Liqasında əla işlər görür. Bəlkə də Qurban müəllimin bu yaxınlarda “Bayer”in düşərgəsinə getməyi xeyir idi. Həmin səfər sayəsində Leverkuzen klubunu daha yaxından tanıdı. “Qarabağ”a “Bayer”lə görüşlərdə də uğurlar arzulayıram.
- “Qarabağ”ın avrokuboklardakı uğur yolu 2009-cu ildə “Rusenborq”la oyundan başladı və həmin matçda siz də iştirak etmişdiniz. O anları necə xatırlayırsınız?
- O anlar unudulmazdı. “Rusenborq”u mübarizədən kənarlaşdırmağımız həmin vaxt Azərbaycan futbolunda tarixi hadisə idi. Nə yaxşı ki, o tarixi oyunda mən də iştirak etmişəm və həmin tarixin bir parçası olmuşam.