“12-ci turdan sonra uğursuz nəticələr komandanın içində xof yaradıb. Qələbə qazanmaq istəyirlər. Bu, bizə bir az mane olur. Uduzmaq istəmirlər“
"Səbail" Azərbaycan Premyer Liqasının 23-cü turunda doğma meydanda "Araz-Naxçıvan"la 2:2 hesablı heç-heçə edib.
Matc.az xəbər verir ki, "dənizçilər"in baş məşqçisi Şahin Diniyev matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
- Maraqlı, dinamik, gərgin oyun oldu. 94-cü dəqiqəyədək, heç kəs düşmədi. Hər iki komanda qalib gələ bilərdi. 19-cu turdan 23-cü tura qədər komanda oyununda inkişaf var. Məncə birinci hissədə kobud səhvdən sonra qol buraxdıq. İkinci hissədə meydanda tam dominantlıq etdik meydanda. Məni sevindirən cəhəd ondadır ki, komandam ağıllı futbol oynadı. Müəyyən vaxtda meydanda yalnız 1 komanda var idi. Düşünürəm ki, düzgün yoldayıq. Stabil heyəti tapsaq, yaxşı oyun göstərəcəyik. İrəli baxaq. Komandam “Sabah”la oyuna hazırlaşmalıdır. Xal itirdiyimiz üçün məyusam.
- İkinci hissədə effektiv futbol oynadınız. "Səbail" bir çox matçlarda ikinci hissədə yaxşı futbol sərgiləyir. Bunu bütün matç boyu necə etmək olar?
- İki məqam var. Biri psixoloji amil, digəri funksional hazırlıqdır. Mənə elə gəlir ki, uşaqlar yaxşı fiziki hazırlıq keçiblər. Funksional hazırlığımız nəyinki 90, hətta 180 dəqiqəyə də çatar. 12-ci turdan sonra uğursuz nəticələr komandanın içində xof yaradıb. Qələbə qazanmaq istəyirlər. Bu, bizə bir az mane olur. Uduzmaq istəmirlər. Zamanla, bu, arxa plana keçəcək.
- Sanki yerli oyunçular olmasa, "Səbail" daha yaxşı nəticələr göstərər…
- Bu komanda neçə ildir Premyer Liqada qalmaq uğrunda mübarizə aparırdı. Artıq ortabab komandaya çevrilmişik. Addım-addım getməliyik, birdən-birə çempion ola bilmərik. Təməl qurub, 6 aydan bir çatışmayan mövqeləri gücləndirməliyik. Artıq "Səbail" qapazaltı deyil. Razıyam, yerli seçimimiz çox da yaxşı alınmadı. Elə düşünürlər ki, bizim büdcə o qədərdir ki, hər şeyi edə bilərik. Yerli futbolçu baxımından problemim var. Amma onlar bacardıqlarını edirlər. Pafos da olsa, deyəcəm. Biz bu gün Azərbaycan futbolunu düşünməliyik. Bütün klublar avrokuboklara vəsiqə uğrunda mübarizə aparır. Hər şey millinin başında çatlayır. Mən tək özümü düşünsəydim, deyərdim ki, 11 legioner oynadaq.