2011-2014-cü illərdə “Xəzər Lənkəran”ın formasını geyinmiş rumıniyalı yarımmüdafiəçi Adrian Pitin matc.az saytına müsahibəsi

- İşləriniz necə gedir? Məşqçilik fəaliyyətinə başlamısınız?

- Hələ futbolçu karyeramı bitirməmişəm. Rumıniyanın 3-cü liqasında “Gltc Cermei” klubunun formasını geyinirəm. Futbolu o qədər sevirəm ki… Buna görə də, karyeramı bitirmək mənə çətin gəlir. Amma paralel olaraq məşqçilik dərslərinə də yazılmışam.

- Bu il 41 yaşınız tamam olacaq. Bu yaşda futbol oynamaq çətin deyil?

- Bəli, hazırda 41 yaşın içindəyəm. Nə edim, futbolu sevirəm. Yaşıma rəğmən, onu buraxmaq istəmirəm (gülür).

- Futbolçu karyeranızı bitirəcəyiniz və məşqçilik fəaliyyətinə başlayacağınız vaxtı müəyyənləşdirmisiniz?

- Xeyr. Hələ əminliklə qərar verməmişəm. Cari mövsümün sonunda karyeramı bitirə bilərəmmi? Baxacağıq. Onsuz da bir gün butslarımı mismardan asacağam. Bütün futbolçular bir gün karyeralarını bitirirlər.

- Karyeranızın Azərbaycanda keçən illəri yaddaşınızda necə qalıb?

- Azərbaycandakı karyeramla bağlı hər şeyi yaxşı xatırlayıram. Ölkənizdə özümə çoxlu dost qazandım və onlarla indi də əlaqədəyəm, ünsiyyətimiz davam edir. Kim bilir, bəlkə də bir gün məşqçi kimi Azərbaycana qayıdacağam.

- Azərbaycan çempionatını izləyirsiniz?

- Əlbəttə, izləyirəm. Qış fasiləsinə qədər keçirilən bütün turlarda nəticələrlə yaxından maraqlanmışam. Azərbaycan futbolunda, çempionatınızda baş verən hər bir hadisəyə nəzər yetirirəm. Hazırda Premyer Liqanızda çıxış edən futbolçuları da tanıyıram.

- Çempionatımızda çıxış edən futbolçulardan kimləri bəyənirsiniz?

- “Qarabağ”da oynayan Abdullah Zubir və Riçard Almeydanı fərqləndirərdim. Almeydanı şəxsən tanıyıram. Çünki “Xəzər Lənkəran”ın heyətində ona qarşı oynamışam.

- Bəs yerli oyunçulardan kim daha çox diqqətinizi çəkir?

- “Neftçi”nin kapitanı Emin Mahmudov.

- Sizin üçün doğma sayılan “Xəzər Lənkəran” klubu illərdi ki, fəaliyyətini dayandırıb. Yəqin ki, buna görə çox üzülürsünüz...

- Bəli, “Xəzər Lənkəran”ın yoxluğu məni məyus edir. Amma bu klubun fəaliyyətini bərpa edəcəyini gözləyirəm. İnanıram ki, “Xəzər Lənkəran” daha güclü komanda olaraq qayıdacaq. Lənkəranlı azarkeşlər buna layiqdirlər, çünki futbolla yaşayırlar.

- Azərbaycan futbolunda illərdi ki, “Qarabağ” dominantlıq edir. Bu komanda ilə bağlı nə deyə bilərsiniz?

- Hazırda Azərbaycanın ən güclü komandası “Qarabağ”dı. Bunun da səbəbkarı Qurban Qurbanovdu. O, öz komandası ilə bağlı hər detalı yaxşı bilir. İnsanlar da onun gördüyü işi, çəkdiyi zəhməti alqışlayırlar, Qurbanova dəstək olurlar. Bu illər ərzində “Qarabağ” və baş məşqçisi böyük təcrübə qazanıb. Çünki hər il avrokuboklarda çıxış edirlər.

- Avropa Liqasında qrupdan çıxan “Qarabağ”ın rəqibi “Braqa” olacaq. Portuqaliya klubu ilə matçlarda kimi daha şanslı hesab edirsiniz?

- “Qarabağ” öz oyununu meydanda göstərə bilsə, hər şey istədiyi kimi alınsa, Avropa Liqasında istənilən rəqibə qalib gələ bilər.

- Həmyerliniz Adrian Mutunun “Neftçi”nin baş məşqçisi postunda fəaliyyəti uzun çəkmədi. Bunun səbəbini nədə görürsünüz?

- Məşqçilik həyatı asan deyil. Komanda üçün hər şeyi etməlisən, amma əvvəlcə rəhbərliyin dəstəyinə ehtiyacın var. Klubun idarə heyəti bütün məsələlərdə sənin arxanda dayanmalı, istədiyin futbolçuları gətirməlidi. Bu, asan iş deyil. “Qarabağ”a fikir verin, klub rəhbərliyi çətin məqamlarda belə, Qurban Qurbanova dəstək olur. Komanda uğursuz çıxış edirsə, bunun günahkarı təkcə baş məşqçi deyil. “Neftçi”də bir ailə kimi komanda qurulmalıdı. Heç bir baş məşqçi klub rəhbərliyinin dəstəyi və səbri olmadan, 6 ay ərzində bu cür komanda qura bilməz.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest