“Premyer Liqada “Qarabağ” həm heyəti, həm də sərgilədiyi oyun baxımından bütün klublarımızı üstələyir”. Bunu matc.az saytına açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ramazan Abbasov Premyer Liqadakı rəqabət barədə danışarkən deyib.
 
Hazırda II Liqada çıxış edən “Kür-Araz” komandasının formasını geyinən 40 yaşlı yarımmüdafiəçi bu dəfə də Ağdam klubunu çempionluğa əsas namizəd hesab edir:
 
“İnanmıram ki, bu il də hansısa klubumuz “Qarabağ”la rəqabət, çempion mübarizəsi apara bilsin. Çempion olaraq “Qarabağ”ı görürəm. Digər klublarlarımızdan məni “Araz-Naxçıvan” təəccübləndirir. Debütant olsa da, Premyer Liqaya çox yaxşı başlayıb. “Kəpəz” də mövsümə yaxşı başlamışdı, amma son oyunlarda məğlubiyyətləri sıralayırlar”.
 
Abbasov builki çempionatı əvvəlki mövsümlərdən fərqləndirib:
 
“Bu dəfə yarış daha maraqlı keçir. “Qarabağ” çempionluğa əsas namizəddir. Bu mübarizədə onlara rəqib görmürəm. Amma 2-4-cü yerlər uğrunda 5-6 klub arasında gərgin mübarizə gedəcək”.
 
Qeyd edək ki, hazırda Premyer Liqada “Zirə” və “Səbail” 21 xalla 1-2-ci yerləri bölüşdürürlər. Müvafiq olaraq 3-4-cü yerlərdə qərarlaşan “Qarabağ”la “Araz-Naxçıvan”ın aktivində 20 xal var.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest