"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 35-ci turunun "Sabah"la (0:0) görüşündən sonra fikirlərini bölüşüb.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 35-ci turunun "Sabah"la (0:0) görüşündən sonra fikirlərini bölüşüb.
 
Matc.az xəbər verir ki, o, matçdan sonrakı mətbuat konfransında bunları söyləyib:
 
"Gərgin oyunun şahidi olduq. Hər iki komanda meydanda amansız mübarizə aparırdı. Qələbə qazanaraq şanslarımızı son tura saxlamaq istəyirdik. Düşünürəm ki, qələbəyə yaxın idik. Rəqibdə 90-cı dəqiqədə 100 faizli qol imkanı yarandı. O dəqiqələrə qədər yaxşı imkanlarımız olsa da, istifadə edə bilmədik. Bu gün qələbə qazanmadıq, amma futbolçuların çıxışından razıyam. Yaxşı rəqibə qarşı oynayırdıq. "Sabah" ikinci yeri təmin etsə də, necə mübarizə aparırdı, görürdüz. Əsas heyət son dəqiqəyə qədər meydanda idi. Sonuna qədər mübarizə aparırdılar. Bizim işimizi bir az çətinləşdirirdi, amma ümumən oyunun öhdəsindən futbolçularım pis gəlmədi. Ağır səfər oyunundan üstün epizodlarla ayrılırıq. Amma təəssüf ki, onları qola çevirə bilmədik.
 
Qış fasiləsində futbolçularla danışanda, işin bura qədər qalacağını müzakirə edirdik. Bilirdik ki, "Qəbələ" ilə aramızda dördüncü yer uğrunda gərgin mübarizə gedəcək. Elə də oldu. üç tur bundan qabaq altı xal geridəydik. Ancaq indi son tura qədər şansımız qalıb. Amma rəqib mütləq məğlub olmalıdı, biz qalib gəlməliyik. Hətta bərabərlik bizə kifayət etmir. "Qəbələ" evdə "Kəpəz"ə qarşı oynayır. Təbii ki, üstünlük onlardadı, favorit onlardır. Amma biz işimizi sona qədər görəcəyik. Əslində, mövsümün əvvəlində hədəf dördüncü yeri tutmaq idi. Bunun uğrunda da iki komanda arasında mübarizə getdi. Hansı komanda dördüncü yeri tutsa, məncə, hər ikisi layiqdir.
 
Rəhbərliklə hələ danışmamışıq. Büdcəmiz hələ müəyyən deyil. Mövsüm bitdikdən sonra daha detallı şəkildə bu barədə müzakirələr aparacağıq. Dörd futbolçu gətirdik, ancaq onlardan yalnız Eldardan istədiyimiz kimi istifadə etdik. Vladislav Kulaç zədələdir, bizimlə deyil. Donald Gerye iki aylıq zədələnmişdi. İbrahim Abbas da zədəli gəlmişdi, sonradan bizə qoşuldu. Transfer etdiymiz oyunçuların potensialından tam istədiyimiz kimi istifadə edə bilmədik. Ancaq gələn il üçün güclənmək istəyirik. Mövsüm başa çatsın, detallı təhlil edib növbəti mövsümə hazırlaşacağıq".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest