"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 32-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib.

"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Premyer Liqanın 32-ci turu çərçivəsində "Turan Tovuz"a qarşı keçirdikləri oyunu şərh edib. Matc.az xəbər verir ki, o, 1:3 hesabıyla uduzduqları oyundan sonra baş tutan mətbuat konfransında bunları söyləyib:
 
"Oyunu şərh eləmək çox çətindir. Bu gün qələbəyə köklənmişdik. Lakin matçın startı bizim üçün yaxşı alınmadı. Rəqibin ilk standart vəziyyəti qolla nəticələndi. Birinci hissədə böyük üstünlüyə malik idik. Xeyli qol şanslarımız oldu. Amma təəssüflər olsun ki, üstünlüyümüzü nəticədə əks etdirə bilmədik. Birinci hissədə də, fasilədə də futbolçular çox gərgin idilər. çalışırdıq ki, maksimum dərəcədə onları sakitləşdirək, ikinci hissəyə kökləyək. Amma ikinci hissə də eyni cür başladı. Vurulan qol, sayılmayan qol, qarışıq vəziyyətlər və s. Nəticədə ardıcıl 2 qol gördük qapımızda. Halbuki, oyunun gedişatı başqa cür də ola bilərdi. Rəqib bu gün nə zərbə endirdisə, hamısı qol oldu. Bilmirəm, bu, mənim məşqçi taleyimdir, ya komandanın qisməti, amma bu il belədir. çox çalışırıq, cəhd edirik, amma alınmır. Bu mövsüm çox şanssızlıqlar yaşayırıq.
 
Oyundan əvvəl meydana buraxmağa cinah müdafiəçisi tapa bilmirdik. Qismət Alıyev və Sərtan Taşkın cəzalı idi, Donald Geryə zədəlidir. Slavik Alxasov isə zəhərlənmişdi. Bu gün ondan cəmi 15 dəqiqə istifadə edə bildik. Məğlubiyyətlə barışıb, önümüzə baxmalıyıq. Qarşıda bizi daha 4 tur gözləyir".
 
Sadıqov 4-cü pillədəki "Qəbələ"dən 6 xal geri düşmələrinin belə şərh edib: "Onsuz da bundan əvvəlki turda baş verən hadisələrdə böyük işarələr var idi. Biz 94-cü dəqiqədə 100-də 100 qol epizodundan yararlana bilmədik. "Qəbələ"nin isə 94-cü dəqiqədə qapısına endirilən zərbə dirəkdən qayıtdı. Komanda sona 3 saniyə qalmış qələbə qolu vurdu. Adətən bu cür hallar basketbolda olur ki, sona 2-3 saniyə qalmış fərqlənirsən. Bu cür məqamlar futbolçularda da basqı yaratmışdı. Bu tur "Qəbələ" ilə xal fərqini azaltmaq istəyirdik, lakin alınmadı, əksinə, xal fərqi 6-ya çatdı. Yenə deyirəm, bu mövsüm ciddi şanssızlıq yaşayırıq. Yəqin ki, bunun səbəbləri var və onları axtarış tapmalıyıq".
 
"Zirə"ni çalışdırıcı ilk hissədə Rəhim Sadıqovun vurduğu qolun hesaba alınmamasının səbəbini bilmədiyini söyləyib: "Qolun hesaba alınmamasını başa düşə bilmədim. Xətdə baxdım, diaqonal qoymuşdular. Anlaya bilmədim. Bunun bir açıqlaması olsa, çox yaxşı olardı. Əminəm ki, eyni epizod qapımızda yaşansaydı, qol hesaba alınacaqdı. Yaxud birinci penaltidə hakim VAR-a çağırılmayacaqdı. Orada 8 dəqiqə vaxt getdi. Nə bilim... "Neftçi" ilə kubok oyunumuzda da Keyta 8 dəqiqə əlində topla gəzdi. Bu qədər VAR-a baxmazlar axı. 7-8 dəqiqə VAR-a baxmaq olar? Qolumuzun hesaba alınmamasını həqiqətən də anlaya bilmədim. Mənə elə gəldi ki, qol idi".
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest