"Oyuna çox pis başladıq. Heç-heçə olsaydı, sevinərdik. Topa sahib ola bilmirdik, sürətli ola bilmirdik". Matc.az xəbər verir ki, bunu "Neftçi"nin baş məşqçisi Laurentsiu Regekampf "Qəbələ"yə 1:2 hesabı ilə məğlub olduqları Premyer Liqanın XXX tur oyunundan sonra mətbuat konfransında deyib.
 
Rumıniyalı mütəxəssis oyundan əvvəl rəqibin pressinq edəcəyini futbolçularına dediyini söyləyib: "İlk pressinq xəttini keçib onları üstələməli idik. Amma bəxtimiz gətirmədi. Qapımızda ilk qolu gördük. Belə hallar futbolda baş verir. İkinci qolda referi penalti kimi dəyərləndiribsə, deməli, penalti idi. Yenə də olmalı deyildi. Top ömərə gəlir, boşdur, yanında heç kim yoxdur. Topu saxlaya bilərdi. Amma dərhal qərara gəldi ki, ötürmə versin. Həmin epizodun sonunda qapımızda penalti oldu. Yaxşı oyunla 3 xal qazanmağı düşünürdük. Bizim günümüz deyildi. İrəli baxmalıyıq. üzücüdür, amma artıq gecdir".
 
O, iki qoldan sonra oyunda dönüş etməyə çalışdıqlarını söyləyib: "İki qol, xüsusən də, gənclərə çətinlik yaratdı. Buna görə də, fasilədən dərhal sonra iki əvəzləmə etdik. Açığı, gəncləri meydanda daha çox saxlamağı düşünürdüm. Amma nəticəyə reaksiya göstərməli idik. Qol vurduq, bəzi imkanlardan yararlana bilmədik. Rəqibə böyük hədiyyə etmiş olduq. Bir neçə gündən sonra ölkə kubokunda vacib matçımız olacaq. Bilirəm ki, hamı həmin qarşılaşmaya hazır olacaq. Süni örtüklü meydançada stadion azarkeşlə dolu ola bilər. Futbol üçün yaxşı atmosfer olacaq. Kifayət qədər təcrübəli oyunçularımız var. Pozitiv düşünməliyik".
 
Baş məşqçi planlarında bəzi dəyişikliklər etməli olduğunu deyib: "Hər qələbə əlavə atmosfer verir. Buna görə də, qələbə qazanmaq istəyirdik. Fikirləşmirəm ki, kimsə, bu oyundan əvvəl kuboku düşünürdü. Matçdan əvvəl Azər Salahlı zədələndi. Gənc futbolçularımız yaxşı məşq keçimişdilər. Yenə də onlardan narazı qalmadım. Gəncdirlər, öyrənməlidirlər. Oynamasalar, necə inkişaf edə bilərlər? Orta sahədə Eddi İsrafilov uzun müddətdən sonra yenidən bizimlədir. Bu gün onu 30 dəqiqə oynatmalı idik. Amma planda dəyişiklik etdik, ikinci hissənin əvvəlində meydana daxil etdik. çünki Fəridin sarı vərəqəsi var idi, ikinci sarı vərəqə ala bilərdi. Komandamızda kifayət qədər keyfiyyət var. Bu, bizim üçün "soyuq duş" oldu. Oyanmalıyıq, kubokda çətin oyun olacaq. Futbolçular robot deyillər, onlarda da dəyişiklik ola bilir. Aprel bizim üçün çox vacib aydır. Əlbəttə ki, oyunu analiz edəcəyik ki, növbəti görüşə daha yaxşı hazırlaşaq".
 
48 yaşlı mütəxəssis kubokun yarımfinalında "Turan Tovuz"la oyun öncəsi üzərlərində təzyiq olduğunu etiraf edib: "Kubokda finala çıxmaq istəyirsənsə, rəqibin kimliyindən asılı olmayaraq, üzərində təzyiq olmalıdır. Buna öyrəşmişik. Hər matçı təzyiq altında keçiririk. Azarkeşlərimizin nə istədiklərini bilirik. Onlar komandalarından hər zaman yaxşı oyun və xallar tələb edir. Əlimizdən gələnin ən yaxşısını etməli, konsentrasiyalı olmalıyıq".
 
O, "Turan Tovuz"la ilk duelin səfərdə olmasının onlar üçün ciddi önəm kəsb etmədiyini deyib: "Kubokda ilk oyunun səfərdə olmasının fərqi yoxdur. Proqrama uyğun çıxış edəcəyik. Tovuza qələbə qazanmaq üçün gedəcəyik".
 
Baş məşqçi müdafiəçi Höccət Haqverdinin meydana ehtiyatdan daxil olmasına da aydınlıq gətirib: "Son oyunda Höccət yaxşı çıxış etməmişdi, bunu ona başa salmışdım. O, ağıllı, peşəkar futbolçudur. Mənim üçün çox vacib oyunçudur. Yaxşı formada olmadığı dönəm ola bilər. Baş məşqçi kimi oyunçularla eyni cür davranmalıyam".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest