"Hər iki komanda 4-5 turdur ki, qələbəyə həsrətdir. Mübarizəli oyun alınacağını bilirdik".
 
Matc.az saytı xəbər verir ki, bunu "Şamaxı"nın baş məşqçisi Vüqar Əsgərli Premyer Liqanın XXIX turunda "Turan Tovuz"la 1:1 hesablı heç-heçə etdikləri oyunla bağlı danışarkən deyib.
 
O, qarşılaşmanın ardından mətbuat konfransında fikirlərini bölüşüb:
 
"Sırf rəqibə görə hazırlaşmışdıq. çünki "Turan Tovuz" evdə yaxşı müdafiə oluna bilir. Futbolçular bütün tapşırıqları yerinə yetirdilər və layiqli xalımızı qazandıq. Bundan sonrakı bütün matçlar bizim üçün final oyununa bərabər olacaq. Ard-arda ağır görüşlər olacaq, stress var. Mövsümün sonuna yaxın aşağı pillələrdə qərarlaşmaq çətindir".
 
- Bura 1 xal üçün gəlmişdiniz?
- Bizim üçün 1 xal da kifayət edir. Amma rəqibin kimliyindən asılı olmayaraq, bütün görüşlərə qələbə qazanmaq üçün çıxırıq. çünki hər xal klubun taleyini həll edir. Düşünürəm ki, heç-heçə ədalətli idi.

- Fuad Bayramov artıq neçənci oyundur ki, qeyri-adi qol vurur. Bu, təsadüfi qoldur, yoxsa bunun üzərində çalışır?
- Şamaxıda oluruq, məşqdən başqa heç bir işimiz yoxdur. Fuad da sırf belə zərbələrin üzərində işləyir.

- "Səbail"in dünən "Sabah" üzərində qələbəsi komandanıza köklənməkdə nə dərəcədə kömək oldu?
- Nə "Səbail"in, nə də aşağı pillələrdə olan digər komandalara fikir veririk. Sırf öz matçımıza köklənirik. özümüz qələbə qazanmaq istəyirik. Onların uğursuzluğuna köklənsək, özümüz uğursuzluğa düçar olarıq. Digər komandaların nəticələrinə fikir verdikdə kollektivdə stress yaranır, ab-hava korlanır.

- Növbəti turda "Sumqayıt"ı qəbul edəcəksiniz. Doğma arenadakı matçda nəyə ümid edirsiniz?
- Evdə oynayacağıq və doğma azarkeşlərimiz önündəki qarşılaşmalarda qələbə qazanmağa çalışacağıq. Məşqçilərin işi çox çətindir. Oyundan sonra həm özümüzü, həm də qarşıdakı rəqibi təhlil eləməliyik. Vaxt isə azdır. Sevinirik ki, futbolçularımız oyundan-oyuna özlərini daha yaxşı tərəfdən göstərirlər.

- "Sumqayıt"la matçın ardından "Kəpəz"lə evdə qarşılaşacaqsınız. Düşünmürsünüz ki, taleyiniz məhz bu iki görüşdən asılıdır?
- Bütün oyunlara eyni formada hazırlaşırıq. Həqiqətən də, çox vacib görüşlər olacaq.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest