Azərbaycan yığması Millətlər Liqasının 2022/23 mövsümünə də uğursuz start götürdü. Matc.az saytı xəbər verir ki, Nur-Sultanda Qazaxıstanın qonağı olan komandamız "Astana Arena"dan məğlub ayrıldı. Sərgilənən oyun və əldə edilən nəticə qrup liderliyinə olan ümidi ilk turdaca azaltdı.

Millətlər Liqası
C liqası, 3-cü qrup, I tur
3 iyun

Qazaxıstan – Azərbaycan – 2:0
Qollar: 17. Abat Aymbetov, 50, 60
Qazaxıstan: 12. İqor Şatski, 3. Nurali Alip, 6. Yeldos Ahmetov (2. Sergey Mali, 79), 22. Aleksandr Maroçkin, 11. Yan Voroqovski, 13. Bağdat Kairov, 7. Aslan Darabayev, 8. Asxat Taqiberqen (k) (4. Samat Jarinbetov, 84), 10. Bauırjan Baytana (20. Ramazan Orazov, 46), 23. Elxan Astanov (5. İslambek Kuat, 73), 17. Abat Aymbetov (9. Artur Şuşenaçev, 79)
Ehtiyat oyunçular: 1. Bekkan Şayzada, 15. Məhəmmədcan Seysen, 14. Vladislav Vassilyev, 16. Qafurcan Suyumbayev, 18. Timur Dosmaqambetov, 19. Mixail Qabışev, 21. Maksim Samorodov
Baş məşqçi: Maqomed Adiyev
Azərbaycan: 12. Şahruddin Məhəmmədəliyev, 3. Azər Salahlı, 4. Bəhlul Mustafazadə, 5. Maksim Medvedev (k), 6. Höccət Haqverdi, 15. Bədavi Hüseynov (17. Toral Bayramov, 79), 8. Emin Mahmudov (16. Dmitri Nazarov, 79), 14. Eddi İsrafilov, 22. Aleksey İsayev (21. Anatoli Nuriyev, 68), 9. Renat Dadaşov (7. Namik Ələskərov, 68), 10. Mahir Emreli (11. Ramil Şeydayev, 79)
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Emil Balayev, 2. Qara Qarayev, 13. Cəlal Hüseynov, 18. Bəxtiyar Həsənalızadə, 19. Qismət Alıyev, 20. Riçard Almeyda
Baş məşqçi: Canni de Byazi

Müdafiə "Qarabağ", yarımmüdafiə "Neftçi"…
Baş məşqçi Canni de Byazi 5-3-2 taktiki sxemindən yararlanmışdı. üç futbolçu – müdafiəçilər Anton Krivotsyuk, Abbas Hüseynov və yarımmüdafiəçi Coşqun Diniyev "23-lük"dən kənarda qalmışdı. Qapıda Şahruddin Məhəmmədəliyevin durması sürpriz olmamalıydı. İtaliyalı mütəxəssis 5-li müdafiə xəttinə üstünlük vermişdi. Müdafiənin mərkəzindəki "üçlük" Bəhlul Mustafazadə, Bədavi Hüseynov və Höccət Haqverdidən qurulmuşdu. "Qarabağ"da da komanda yoldaşı olan Bədavi ilə Bəhlulun oyun praktikası az olduğundan, onların çıxışı maraqla gözlənilirdi.

Cinahlar kapitan Maksim Medvedevlə Azər Salahlıya həvalə edilmişdi. Onların üzərinə bu qarşılaşmada böyük yük düşürdü. çünki Azər sol, Maksim isə sağdan müdafiə ilə yanaşı, hücumlara da dəstək verməli idi.

Yarımmüdafiənin mərkəzi "Neftçi"nin oyunçuları Eddi İsrafilov və Emin Mahmudova tapşırılmışdı. Qara Qarayevi ehtiyatda saxlayan de Byazi dayaq yarımmüdafiəçisi qismində İsrafilova güvənmişdi. Pleymeyker mövqeyinə seçim etmək elə də asan deyildi. Hər halda, Dmitri Nazarov, Anatoli Nuriyev və Aleksey İsayevdən biri start heyətində yer almalı idi. çalışdırıcı məhz sonuncuya üstünlük vermişdi. Namik Ələskərov və Ramil Şeydayevi ehtiyata atan məşqçilər korpusu hücumda Renat Dadaşov – Mahir Emreli tandeminə bel bağlamışdı.

Orta sahədə itkilər, hücumda zəif anlaşma
Qazaxıstan yığması da eyni oyun sxemi ilə meydana çıxdığından, mövqelər üzrə mübarizədə üstünlük əldə etmək çox vacib idi. İlk dəqiqələr bir növ kəşfiyyat xarakteri daşıdı. Hər iki tərəf bütünlüklə hücuma keçməyə tələsmir, ehtiyatlı oyunla rəqibin səhvə yol verməsini gözləyirdi. Matçın əvvəllərində gah bu, gah da digər komanda topa nəzarəti ələ keçirir, adi ötürmələrlə kifayətlənirdi. Yəni oyuna nəzarət təhlükəli hücumlar üçün bəs etmirdi.

Orta sahədəki top itkiləri də tempin yüksəlməsinə mane olan amillərdən idi. Qazaxıstanlılar əsasən mövqe hücumlarına çalışırdısa, millimiz sürətli əks-hücumlarla nəsə etməyi düşünürdü. Lakin Dadaşovla Emreli ön xətdə istədikləri ötürmələri ala bilmirdilər. Müdafiə və yarımmüdafiəçilər uzun ötürmələrlə onları hərəkətləndirməyə çalışsa da, hücumlar çox vaxt rəqibin cərimə meydanı həndəvərində kəsilirdi. Mahirlə Renatın bir-birini arzulanan səviyyədə tamamlamaması da hücumların səmərəsiz alınmasına yol açırdı. Düzdü, Dadaşov həmkarı ilə müqayisədə daha fəal nəzərə çarpırdı. Lakin o, bir neçə dəfə sol cinahdan cərimə meydançasına tərəf meyillənsə də, gah ötürməsi dəqiq alınmırdı, gah da zərbəsi qapıçıya ciddi həyəcan yaşatmırdı.

Soyuq duş, şokdan ayılmayan baş məşqçi
Yığmamız birinci hissənin ortalarından etibarən meydanda diktə etməyə başladı. Futbolçularımız orta sahədə və irəlidə tətbiq etdiyi pressinqlə qazaxıstanlıların irəli çıxmasına imkan vermirdi. Bunun da nəticəsi kimi, beş dəqiqə ərzində üç real qol imkanı yarandı. Lakin bir dəfə Renat, iki dəfə isə Azər adını tabloya yazdırmaq fürsətini qaçırdı. İlk iki epizodda rəqibin qapıçısı, sonuncuda isə qəribə də olsa, Emin Mahmudov qapıya ünvanlanan topa toxunmaqla qolun qarşısını aldı. Təəssüf ki, milli bu üstünlüyünü fasiləyə qədər hesabda əks etdirə bilmədi.

"Vurmayana vurarlar" prinsipi bu matçda da öz sözünü dedi. çünki fasilədən dərhal sonra ev sahibləri hesabı açdılar. Eddi İsrafilovun orta xətdə heç nədən top itkisinə yol verməsi baha başa gəldi. Abat Aymbetovun uzaq məsafədən zərbəsi zamanı top Höccətə dəyərək elə trayektoriya cızdı ki, Şahruddinin bunu dəf etməsi mümkün deyildi. Bu qol sanki yığmamız üçün soyuq duş oldu və futbolçular uzun müddət bunun şokundan çıxa bilmədilər. Belə məqamda baş məşqçinin müdaxiləsi mütləqdir. Ancaq de Byazi nədənsə gözləməyi məqsədəuyğun bildi. Görünür, italiyalı da yetirmələri kimi, qolun təsirindən gec ayıldı. çünki o özünə gələnə qədər Qazaxıstan daha iki dəfə fərqləndi. Bunun birində VAR ofsayd dedisə, ikinci halda qolun qaydalar çərçivəsində vurulduğunu göstərdi.

Cəsarətsiz əvəzləmələr
İlk əvəzləməyə 68-ci dəqiqədə gedən de Byazi hücum oyunçularının sayını artırmaqdan da çəkindi. çalışdırıcı yalnız mövqelər üzrə dəyişikliklərə əl atdı. Halbuki 2 top fərqilə geridə olan komandanın artıq itiriləsi heç nəyi yox idi. Digər anlaşılmaz addımı varlığı ilə yoxluğu bilinməyən Mahir Emrelini daha bir müddət meydanda saxlaması, onunla müqayisədə hücumda tək çalışan Renat Dadaşovu əvəzləməsi oldu. Baş məşqçi yalnız sona 10 dəqiqə qalmış Bədavi Hüseynov – Toral Bayramov əvəzləməsi ilə 4-lü müdafiə sisteminə keçdi. Ancaq nə həmin an, nə də sonrakı əvəzləmələrlə üç nominal hücumçu ilə oynamaq cəsarəti göstərmədi.

De Byazinin qorxaq gedişlərinin də köməyi ilə komandamız qalan dəqiqələrdə "dişsiz"liyini davam etdirdi və yalnız 0:2 hesabını qorumaqla yadda qaldı. Beləliklə, "Astana Arena"da bir hissəlik mübarizə ortaya qoyan Azərbaycan yığması Millətlər Liqasına məğlubiyyətlə başladı.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest