Şahmat üzrə qadınlar arasında Azərbaycan çempionatının qalibi Gövhər Beydullayeva yarışın yekun nəticələri ilə bağlı federasiyanın rəsmi saytına danışıb. Matc.az xəbər verir ki, karyerasında ilk dəfə ölkə çempionatında qızıl medal qazanan 19 yaşlı şahmatçı yarışdan əvvəl çempionluq barədə düşündüyünü bildirib:
 
“Azərbaycan çempionatı yüksək rəqabət şəraitində keçdi. Əksəriyyət qadınlar arasında qrossmeyster dərəcəsinə sahib idi. Ona görə aşkar favorit olmadı. Müxtəlif illərdə ölkə çempionatında ikinci və üçüncü yerləri tutmuşam. Bu dəfə çempion olmağı arzulayırdım. İlk üç tur planlaşdırdığım kimi alındı. Sonradan oyunlar nisbətən çətinləşdi. Çox sevinirəm ki, çempion oldum. Bu qələbə gələcək uğurlarım üçün daha həvəslə çalışmağa kömək edəcək”. 
 
Beydullayeva yarışda ikinci yeri tutan Ləman Hacıyeva barədə fikirlərini bölüşüb. Azərbaycan çempionu rəqibinin yüksək oyun keyfiyyətlərinə malik olduğunu söyləyib: “Ləmanı reytinqi 2200 olan şahmatçı kimi qəbul edirəm. Aşağı reytinqinin olmasına baxmayaraq, yüksək oyun keyfiyyətlərinə malikdir. Fikrimcə, bir qədər təcrübəsi çatmadı. Bununla belə gümüş medal qazanmaq yaxşı nəticədir. Həmkarımı təbrik edirəm, gələcək yarışlarda uğurlar arzulayıram”.
 
Çempion beşinci turda Ləman Hacıyevaya məğlubiyyətin ona təsirsiz ötüşmədiyini dedi: “Ləmana qarşı yaxşı hazırlaşmışdım. Sadəcə, partiya istədiyim kimi alınmadı. Nəticədə uduzdum. Amma yaxınlarım məğlubiyyətdən sonra həvəsdən düşməyə imkan vermədilər. Hər zaman mənə inanan atam Kamran dedi ki, əsas mübarizə irəlidədir. Məşqçi Rəsul İbrahimov və Fikrət Sideifzadəyə “çox sağ ol” deyirəm. Eyni zamanda şahmatçılardan Məhəmməd Muradlı, Aydın Süleymanlının dəstəyini hiss etdim. Onların ümidini doğrultduğum üçün sevinirəm”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest