Mahir Emreli ilə «Legiya» arasında bağlar qopmaq üzrədir. ötən ilin yayında «Qarabağ»dan ayrılan hücumçu 3+1 illik müqavilə bağladığı Polşa klubuna artıq «nota» verib. 24 yaşlı hücumçu Varşavadan getmək istədiyini bildirib. Onun bu fikrindən pəjmürdə olan «Legiya» başbilənləri son baş verənlərə rəğmən, geri addım atana oxşamır. Müqavilə ilə onlara məxsus olan forvardı düşərgədə saxlamaqda israrlıdırlar.

"Legiya" i 2021-2022-ci il mövsümünün birinci yarısında bütün turnirlər daxil olmaqla 36 oyun keçirib. Bunlardan 14-ü avrokuboklarda, 18-i Polşa çempionatında, 1-i Super Kubok, 3-ü isə ölkə kubokunda olub.

Mövsümün ilk yarısında "Legiya"nın heyətində ən çox hesaba təsir edən futbolçu Mahir Emreli olub. Millimizin hücumçusu meydana çıxdığı 33 oyunda 11 qol və 2 asistlə yadda qalıb.

Mahiri bədbin düşüncələrə qərq edən «Visla» ilə oyundan sonra yaşanan hadisədir. Bir qrup azarkeşin avtobusa daxil olaraq, ona və komanda yoldaşına əl qaldırmasından mənfi mənada təəssirlənib.

O olaydan bu tərəfə istər Polşa, istər Azərbaycan mediası gündə bir xəbər tirajlayır. Demək olar hər saatda yeni informasiya yayılır. Hansısa biri Mahirin lehinə, hansısa biri əleyhinə.

Hiss olunur ki, kimlərsə də futbolçunun qalmaqallarla diqqət mərkəzinə düşməsində maraqlıdır. Bu işdə maraq güdənlər də az deyil və onlar hesab edir ki, istənilən hadisə Mahirin xeyrinə işləyir, transfer qiymətini qaldırır.

Haqqında çıxan transfer xəbərlərini yan-yana düzsək, Avropanın birinci və ikinci kateqoriyalı bütün ölkələrinin klublarının Mahirin arxasınca düşməsi fikrinə gələrik.

Bu, həqiqətən belə olsaydı, daha nə var idi ki..?

Təkliflərin gəlməsi yaxşı haldır, biz də istərdik ki, millimizin forvardı legioner həyatı yaşamaq həvəsindən düşməsin, daha səviyyəli çempionatlarda, daha güclü komandalarda çıxış etsin, özünə gün ağlamaqla qalmasın, digər azərbaycanlı oyunçulara da ornək olsun, onlara yol açsın.

Vaxtilə Samir Əliyevin, Kamal Quliyevin, Ramiz Məmmədovun, Mahmud Qurbanovun etdiyi kimi.

Bir məsələ var ki, açığı, bəndənizi çox narahat edir. Mahirin uşaqlığı, ərköyünlüyü… 6 il «Qarabağ»da forma geyin, qitənin ən mötəbər klub turnirində – çempionlar Liqasında, Avropa Liqasının qrupp mərhələsində çıxış elə, əlqərəz, hər futbolçunun arzuladığı səviyyəni gör, sonra da gəl, şəxsi arzuların məhdud dairəsində boğul.

Mahir, «Qarabağ»da ona görə var ola bildi ki, baş məşqçi Qurban Qurbanov idi. O, əvvəldən ta axıra kimi futbolçusunun arxasında dayandıı.

Dayandı, nə dayandı! Dağ kimi. Azarkeşlər Mahiri yerdən-yerə vuranda, oyunu alıınmayanda, mətbuat üstünə gələndə belə, yarpaqtək əsmədi, geri çəkilmədi.

Mahir məhz Qurbanovun mərdliyinə, duruşuna, etimadına görə Mahir oldu. Qurbanovun övladları qədər sevdiyi, əzizlədiyi, bəzən ata kimi başına sığal çəkib, bəzən də tənbeh etdiyi hücumçu, görünür, bundan hələ də yaxşı nəticə çıxara, açq demək lazımdırsa, böyüyə bilməyib.

Gözü yenə də bağlıdır. Gecə həyatı, içki və azarkeş qalmaqalları – bunlar «Qarabağ»ın formasını geyindiyi vaxtlar da olurdu.

Sadəcə, bu tip hadisələrin əksəriyyəti xəbər olmurdu, mətbuata çıxmırdı. Donald Geryenin ailəsi onu bu gün də bir hadisəyə görə çox yaxşı xatırlayır…

Onu yazsaq, futbol ictimaiyyəti bir-birinə dəyər, gündəm dəyişər və uzun illər yaddan çıxmaz. Burada baş verənlərin yanında «Legiya»dakı olaylar nədir ki..?

sportinfo.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest