"Azərbaycanlılar Kriştiano Ronaldonun bu matçda meydanda olacağını gözləyirdi. Ronaldo olmasa da, Portuqaliyanın başqa istedadlı oyunçuları var". Matc.az xəbər verir ki, bu fikirləri "Qarabağ"ın futbolçusu Kevin Medina Azərbaycan və Portuqaliya milli komandaları arasında 2022-ci il dünya çempionatının seçmə oyunu barədə "rr.sapo.pt" saytına açıqlamasında deyib.

28 yaşlı kolumbiyalı müdafiəçi Portuqaliya yığmasının heyətində Bruno Fernandeşin möhtəşəm oynadığını bildirib:

"Onu həmişə çox bəyənmişəm. Diequ Jota kimi bir neçə ulduz oyunçu da qarşılaşmaya təsir edə bilir. Portuqaliyada çox yüksək səviyyəli futbolçular var. Mən ikisi haqqında danışdım, amma qapıçı da daxil olmaqla digər 9 nəfəri də qeyd edə bilərəm. Ehtiyat oyunçuları da yaxşıdır, çünki meydana kim girsə, eyni səviyyədə iş görəcək".

Medina Azərbaycan millisinin inkişaf etdiyini sözlərinə əlavə edib:

"Artıq ölkənin Türkiyə və Polşa kimi keyfiyyətli çempionatlarda çıxış edən futbolçuları mövcuddur. Yığmada bir neçə yaxşı oyunçu da var. Qapıçı Şahruddin Məhəmmədəliyev, yarımmüdafiəçilər Emin Mahmudovla Qara Qarayev və hücumçu Mahir Emrelinin adını çəkə bilərəm. Onlar Portuqaliya üçün təhlükə yarada bilərlər".

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək Azərbaycan - Portuqaliya görüşü saat 20:00-da başlayacaq. Kevin Medina "Qarabağ"a 2020-ci ilin yayında Portuqaliyanın "Şaveş" klubundan keçib. (Report.az)

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest