“Meydançaya girəndə klubun böyüklüyü, əzəməti göründü". Matc.az xəbər verir ki,  bunu “Neftçi”nin baş məşqçisi Samir Abasov Çempionlar Liqasının II təsnifat mərhələsində “Olimpiakos”la keçiriləcək ilk oyun öncəsi mətbuat konfransında deyib.

43 yaşlı mütəxəssis Pireydə baş tutacaq qarşılaşma öncəsi fikrini bu sözlərlə davam etdirib: “Rəqib haqda uzun-uzadı danışmaq istəmirəm. "Olimpiakos" bu cür turnirlərdə mütəmadi iştirak edib, buna alışıb. Bizi çətin oyun gözləyir. Böyük təcrübəyə malik və keyfiyyətli futbolçulara malik komandaya qarşı oynayacağıq. Amma biz özümüz də həddən artıq rahatıq. "Dinamo" ilə oyundan fərqli olaraq, artıq özümüzə gəlməyə başlamışıq. Uzun müddət idi ki, bu turnirdən kənarda idik. Sabahkı görüşdən asılı olmayaraq, bu böyük təcrübədir. Bundan sonrakı mərhələlərdə də təxminən bu səviyyədə komanda ilə qarşılaşacağıq. İki oyundan ibarət oyundur. Matçın hansı ssenaridə keçəcəyini hamımız ehtimal edirik. Bu cür rəqiblə görüşdə rəqibin sənin qarşına çıxaracağı oyun önəmlidir. Bunlara hazır olmaq üçün psixoloji hazırlıq qaydasında olmalıdır. İnanıram ki, hər şey yaxşı olacaq".

- Demək olarmı ki, "Neftçi" ikinci nömrədə daha yaxşı oynayır. Bunun sabah sizə köməyi ola bilərmi?

- Çempionatda rəqiblər də fərqli olur. "Olimpiakos" kimi komandalarla ilboyu bir dəfə qarşılaşırsan. Əsas odur rəqib bizə nə qədər imkan verəcək, nəyi təklif edəcək. Bunu sabah görəcəyik. Ən azı buna psixoloji cəhətdən hazır olmalıyıq. Çox keyfiyyətli oyunçuları var, topa rahatlıqla sahib olurlar. Çox qaçmalı olacağıq ki, buna da hazır olmalıyıq. Tbilisi "Dinamo"suna qarşı bəzi boşularla verdik, onlar istifadə etmədilərsə, bu o demək deyil ki, "Olimpiakos" da eyni bu cür olacaq.

- "Neftçi" ilə bağlı ən çox müzakirə olunan məsələ transferlərdir. "Olimpiakos"la Bakıdakı oyuna qədər yeni oyunçular gözlənilir?

- Xeyr, cavab görüşünə kimi transfer gözlənilmir. Yeni iki oyunçu ilə bir müddət idi danışıq aparırdıq. Həmin futbolçularla hər gün aparılan danışıqların nəticəsində keçid baş tutdu. Amma hələlik danışıq aparılan başqa futbolçu yoxdur.

- Yeni transferlərin hazırlıq səviyyəsi necədir?

- Roman digəri ilə müqayisədə daha hazırlıqlıdır. Çünki klubu ilə mütəmadi məşq edib. Sadəcə, son bir həftəyə yaxın məşqsiz qalıb. Məşqlərdəki göstəriciləri ürəkaçandır. Uqo bir qədər bu baxımdan axsayır. Fərdi qaydada bizim proqramımızla hazırlaşıb. Amma kollektiv məşqlərdə olmayıb. Romanın əsas heyətdə oynayıb-oynamayacağına sabah baxacağıq. Hələ bir günümüz var.

- Yunanıstanda əksər insanlar darmadağın gözləyir. Siz bu barədə nə düşünürsünüz?

- Biz şanslarımızı cavab oyununa saxlamağa çalışacağıq. Bu, realdır. Rəqibin oyunlarına baxmışıq. İki gündən bir yoldaşlıq görüşləri keçiriblər. Üstəlik, yaxşı rəqibləri olub. 30-a yaxın da futbolçuları var. Ancaq oyunda hər şey ola bilər. İstənilən halda, əl-qolumuzu aşağı salmayacağıq. Sizin dediyiniz halda, yenə də ruhdan düşməyəcəyik. Amma ümid edirik ki, Bakıya daha ümidli qayıdacağıq.

- Transferlərin azlığından şikayətlənirdiniz. Sanki iki transferdən sonra rahatsınız. Bundan sonra daha neçə oyunçuya ehtiyacınız var?

- Transferlər olmalıdır. Xüsusən də, hücum xəttimiz güclənməlidir. Oyunçu sayımız azdır. Rəqibin oyunçu sayına baxsanız, fərq bəlli olacaq. Biz də oralara çatmalıyıq. Transferləri dayandırmamışıq, axtarışdayıq. Nə qədər tez transfer olsa, daha yaxşı olar. Yaxın zamanda 1-2 yeni transfer düşünürük.

- Bu rahatlığınızın səbəbi nədir? Düşünürsünüz ki, "Neftçi" üçün hər şey artıq bitib, yoxsa rəqibi təhlil etdikdən sonra daha ümidli olmusunuz və daha təcrübəlisiniz?

- Əksinə, deyərdim ki, təcrübəm yoxdur. Gürcülərə qarşı oyunun həddən artıq çətin olacağını bilirdik. Keçməyəcəyimiz təqdirdə hansı təzyiqlərin olacağından xəbərdar idik. Mərhələni keçməyə bizi borclu görürdülər. Çox da ürəkaçan toplanış keçmədik. Müəyyən problemlər yaşadıq. Həmin gərginliklə oyuna çıxdıq. Artıq gərgin olmağın bir mənası da yoxdur. Bu o demək deyil ki, məğlubiyyətlə barışmışıq. Əsla, barışlamışıq. Sabah bütün gücümüzü ortaya qoyacağıq, rəqibə problem yaşatmağa çalışacağıq. Təki oyundan sonra da bu rahatlıq davam etsin.

- "Olimpiakos"u tək təhlil etmisiniz, yoxsa kimlərinsə məsləhətinə ehtiyac duyduğunuz an olub?

- Xeyr, kənardan heç kimdən məsləhət almamışam. Köməkçilərim var, bu mənim üçün kifayətdir. Əlavə heç bir məşqçidən soruşmamışam. Bu mənim üçün artıqdır. Bunun öhdəsindən layiqincə gəlirik. Köməkçilərim bacardıqlarını edirlər. Bu gün üçün bu yetərlidir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest