ötən gün Azərbaycan kubokunun yarımfinal mərhələsində keçirilən "Zirə" - "Keşlə" matçı qalmaqallarla yadda qaldı. Qarşılaşmanın baş hakimi Elçin Məsiyevin verdiyi qərarlar hələ də futbol ictimaiyyətində müzakirə olunur. Matc.az xəbər verir ki, məşhur türkiyəli şərhçi, sabiq FİFA referisi Mustafa çulcu bu oyunda baş verən epizodlarla bağlı fikirlərini bölüşüb. Türkiyə Hakimlər Komitəsinin sabiq sədri epizodları şərh edərkən bildirib ki, qarşılaşmanın qırılma nöqtəsi matçın 9-cu dəqiqəsində qeydə alınıb. 
 
"Fənərbaxça" - "Qalatasaray" matçı kimi derbiləri idarə etmiş təcrübəli mütəxəssisin sözlərinə görə, Elçin Məsiyev "Keşlə"nin futbolçusu Vüsal İsgəndərli rəqibə qarşı açıq ayaqla oynayır və bu, birbaşa qırmızı vərəqədir:
 
"17 nömrəli futbolçunun zərbəsində şiddət var. O, bütün gücü ilə rəqibi sərt şəkildə durdurmağa çalışır. Epizod müzakirəsiz qırmızı vərəqədir. Bu epizodda sarı vərəqə vermək futbolu bilməmək və hakimin qorxaqlığının nəticəsidir. Deyərdim ki, bu, qarşılaşmanın qırılma nöqtəsidir".
 
Elçin Məsiyevin Vüsal İsgəndərliyə sarı vərəqə verdiyi epizod:
 
 
Matçda gərginliyə səbəb olan penalti epizodunu da şərh edən Mustafa çulcu bildirib:
 
"Burada iki futbolçu bir-biri ilə mübarizə aparır. "Keşlə"nin futbolçusu sağ dirsəyi ilə rəqibinin qarın nahiyəsinə bir balaca zərbə endirir. Həmin an top başqa yerdə olduğu üçün baş hakimin bu epizodu görməsi mümkün deyil. Yan xətt hakimi də dirsək zərbəsini görə bilməz, çünki futbolçular bir-birinə yapışıb. "Zirə"nin futbolçusunun arxası yan xətt hakiminə tərəf olduğu və dirsək zərbəsi arada qaldığı üçün laysman epizodu görmür. Amma "Zirə"nin futbolçusunun "Keşlə"nin oyunçusuna vurduğu zərbə açıq-aşkar görünür. Hakimlər gördüyü epizoda qərar verərlər. Gördüyü epizoda görə qırmızı vərəqə və penalti qərarı doğrudur.
 
Qalmaqala səbəb olan penalti epizodu:
 
 
Müasir futbolda hakimlərin ilk etapda futbolçulara sözlə xəbərdarlıq etməsi çox önəmlidir. Elçin Məsiyev də matçın gərginliyini nəzərə alıb bunu əvvəldən etməliydi. Dirsək zərbəsini gözdən qaçırdığı üçün də yumruq zərbəsinə görə qərar verib. Əgər VAR olsaydı, VAR-ı izlədikdən sonra "Zirə"nin xeyirinə qərar verərdi. Əslində, dirsək zərbəsi şiddət sayılır. Amma dirsəklə rəqib futbolçu arasında az məsafə olduğu üçün, "Keşlə"nin üzvünə sarı vərəqə verməklə kifayətlə bilərdi".
 
Xatırladaq ki, bu epizoda görə etiraz edən "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov və onun köməkçisi Eltun Yaqublu da qırmızı vərəqə ilə cəzalandırılıb. (Qafqazinfo)

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest