Fransa millisinin baş məşqçisi Zinəddin Zidan Millətlər Liqasının 2026/27 mövsümünün II turunda Belçikaya qarşı keçiriləcək matçda start heyətində dəyişikliklər edəcək.

Matc.az xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

"Dəyişikliklər olacaq. Tam olaraq nə qədər? Özünüz görərsiniz. Belə qısa müddətdə bizi dörd oyunun gözlədiyini bilirdik, ona görə də heyətdə kiçik rotasiya aparacağıq. Ən vacibi bir-birimizi daha yaxşı tanımaqdır", - deyə Zidan bildirib.

Mütəxəssis komandadakı ab-havadan da söz açıb: "Artıq bir həftədir ki, birlikdəyik. Görürəm ki, onlar burada olduqlarına görə xoşbəxtdirlər. Bu, Fransa millisidir. Hiss olunur ki, onlar həqiqətən bu komandada olmağa can atırlar. Qarşıda bir neçə möhtəşəm oyun var, ona görə də əsas məsələ andan həzz almaqdır. Mən onlara məhz bunu deyirəm, çünki futbolda hər şey çox tez dəyişir".

Türkiyəyə qarşı keçirilən əvvəlki matçda (1:0 qələbə) zədələnən "mavi-bəyazlılar"ın lideri Kilian Mbappe qarşılaşmanı dəqiq buraxacaq. "Real"ın hücumçusu matçın 54-cü dəqiqəsində hesabı açsa da, 5 dəqiqə sonra meydanı tərk etmək məcburiyyətində qalmışdı. Fransız futbolçu artıq milli komandanın düşərgəsini tərk edib.

Xatırladaq ki, Belçika – Fransa matçı bu gün saat 22:45-də start götürəcək.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest