Yeni mövsümdən etibarən İngiltərədə diskriminasiyaya görə 10 oyunluq cəzalar tətbiq olunacaq.
Matc.az xəbər verir ki, bu barədə İngiltərə Futbol Assosiasiyası məlumat yayıb.
Bildirilir ki, qurum mövsümün başlaması ərəfəsində oyunçular, məşqçilər və matçın digər iştirakçıları tərəfindən törədilən istənilən "ağırlaşdırıcı qayda pozuntuları" üçün sanksiyaları sərtləşdirib. Bura etnik mənsubiyyət, dəri rəngi, irq, milliyyət, din və ya inanclar, cins, cinsi oriyentasiya yaxud əlilliyin birbaşa və ya dolayısı ilə qeyd olunduğu qeyri-qanuni davranışlar daxildir.
"Bu iyrənc davranışla mübarizə aparmaq üçün gücləndirilmiş tədbirlərə ehtiyac var. Ona görə də sanksiyalarla bağlı yenilənmiş tövsiyələrdə indi tənzimləyici komissiyalardan belə hallarda minimum 10 oyunluq standart diskvalifikasiya tətbiq etməsi tələb olunur", - deyə assosiasiyanın bəyanatında qeyd edilib.
Tənzimləyici komissiyalar, əgər mühüm ağırlaşdırıcı halların mövcud olduğunu hesab etsələr, standart 10 matçlıq diskvalifikasiyadan daha ağır cəza təyin edə bilərlər.
Yüngülləşdirici amillər olduqda cəza müddəti azaldıla bilər, lakin bu müddət 6 oyundan az olmamalıdır. Eyni zamanda, qayda pozuntusunun təkrarı əvvəlkindən daha sərt şəkildə cəzalandırılacaq.













