Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev Rusiyanın "Soçi" klubu ilə 1 illik müqavilə imzalayıb.
Azərbaycan milli komandasının hücumçusu Ramil Şeydayev Rusiyanın "Soçi" klubu ilə 1 illik müqavilə imzalayıb.
Matc.az xəbər verir ki, 30 yaşlı futbolçu bu yay "Qarabağ"dan ayrıldıqdan sonra azad agent statusunda idi.
Sərfəli razılıq sayəsində təcrübəli hücumçu 6 illik fasilədən sonra yenidən Rusiya futboluna qayıdıb. Onun Rusiya Premyer Liqasındakı son klubu Moskva "Dinamo"su olub.
"Zenit" klubunun yetirməsi olan Şeydayev karyerası ərzində Rusiyada "Krılya Sovetov" və "Rubin" kimi komandaların da şərəfini qoruyub. Bundan başqa, o, Türkiyə, Slovakiya və Tailand çempionatlarında legioner həyatı yaşayıb, ölkəmizdə isə "Neftçi" və "Sabah"da çıxış edib.
Forvardın karyerasının ən uğurlu və uzunmüddətli dövrü məhz "Qarabağ"la bağlıdır ki, o, Ağdam təmsilçisinin heyətində ümumilikdə 127 matçda meydana çıxıb və 39 qol vurub. Ötən mövsüm "köhlən atlar"ın heyətində 11 rəsmi oyuna çıxan Ramil, 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalmışdı.
Ramil Şeydayev eyni zamanda Azərbaycan millisinin əsas simalarından biridir və yığmada keçirdiyi 69 qarşılaşmada rəqib qapılarına 10 qol vurmağı bacarıb.
Hazırda Rusiyanın I Liqasında çıxış edən İqor Osinkinin rəhbərlik etdiyi "Soçi" klubu ilə rəsmi saziş bağlayan forvard, artıq yeni komandasının düşərgəsinə qoşulub.













