UEFA-nın bütün 55 üzvü FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının hüquqlarının bir hissəsini özəl investorlara satmaq niyyətindən sonra qurumun turnirlərini boykot etmək qərarına gəlib.

Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) bütün 55 üzvü FIFA prezidenti Canni İnfantinonun dünya çempionatının hüquqlarının bir hissəsini özəl investorlara satmaq niyyətindən sonra qurumun turnirlərini boykot etmək qərarına gəlib.

Matc.az xəbər verir ki, bu barədə UEFA rəsmi bəyanat yayıb.

Bildirilir ki, əvvəllər "The Times" qəzeti İnfantinonun dünya çempionatının kommersiya hüquqlarının bir hissəsini özəl investorlara satmağı planlaşdırdığını və bu sxemin ona potensial olaraq on milyonlarla funt-sterlinq qazandıra biləcəyini yazmışdı.

Plan FIFA-nın əsas kişi və qadın yarışlarına – dünya çempionatı və klublararası dünya çempionatına nəzarət edəcək şirkətin yaradılmasını nəzərdə tutur. Qeyd olunur ki, qurum bununla bağlı ABŞ prezidenti Donald Trampın administrasiyasına yaxın şəxslərlə məsləhətləşmələr aparıb.

Qurumun bəyanatında bu fikirlər yer alıb: "UEFA və ona daxil olan 55 assosiasiya eyni fikirdədir. Biz FIFA-nın dünya çempionatı və digər yarışların mülkiyyət hüquqlarının özəl investorlara verilməsi barədə təklifini yekdilliklə və qeyri-şərtsiz rədd edirik. Dünya çempionatı investisiya məhsulu kimi nəzərdən keçirilə bilməz. Bu, futbolun ən böyük idman irslərindən biridir. O, nəsillər boyu bütün qitələrin oyunçuları, milli komandaları və azarkeşləri tərəfindən yaradılıb. Onun heç bir hissəsi özəl investorlara verilə bilməz. dünya çempionatı satılmır".

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest