Azərbaycan Premyer Liqasının 13-cü turunda “Qarabağ”la qarşılaşacaq “Karvan-Yevlax”ın düşərgəsində xaos yaşanır.

Matc.az Teleqraf-a istinadən xəbər verir ki, klubun rəsmi müqavilə ilə baş məşqçisi olan Azər Haşımov komandadan göndərilib, onun yerinə isə qeyri-rəsmi olaraq Füzuli Məmmədov gətirilib.

Füzuli Məmmədov artıq bir neçə gündür “Karvan-Yevlax”ın düşərgəsinə qoşulub və komandanı növbəti oyuna hazırlayır.

Lakin problem ondan ibarətdir ki, klub rəhbərliyi hələ Azər Haşımovla rəsmi qaydada yolları ayırmayıb.

Bunu Azər Haşımov da Teleqraf-a açıqlamasında təsdiqləyib. O, bildirib ki, yalnız təzminat ödənildiyi halda müqaviləyə xitam verilə bilər:

“Sadəcə, belə qərar veriblər. Necə istəyirlər, elə də edirlər. Rəhbərlik hələ mənimlə görüşməyib. “Kəpəz”lə oyundan iki gün sonra mənə zəng etdilər ki, istefa verməlisən. Mən də demişəm ki, təzminatımı almamış istefa verməyəcəm. Azər Həşimov futbol oynayan zaman da hüququnu, qürurunu, nüfuzunu qoruyub, bu gün də. Ola bilər, Azərbaycan futbolunda məni sakittəbiətli biri kimi tanıyırlar. İşimizin öhdəsindən gəlməyə çalışırıq. Amma qayda-qanun var. Ona görə, müqaviləm maya qədərdir, təzminatımı almamış, heç bir şeylə razılaşmayacağam. Növbəti turla bağlı heç bir fikrim yoxdur. Mənə bir kəlmə deyiblər ki, gəlmə”.

Bəs, komandanı “Qarabağ”la oyuna kim çıxaracaq? Məsələ ilə bağlı Peşəkar Futbol Liqasının texniki-idman direktoru Elgiz Abbasov bildirib ki, Azər Haşımovun gedişi və ya yeni baş məşqçi ilə ilə bağlı “Karvan Yevlax”dan PFL-ə hər hansı müraciət daxil olmayıb.

“Baş məşqçinin komandanı oyuna çıxarmaq üçün qeydiyyat sifarişi olmalıdır. İndiki məqamda bizdəki sənəddə baş məşqçi Azər Haşımovdur”.

Göründüyü kimi, hazırda “Karvan-Yevlax”ın iki baş məşqçisi var. Biri rəsmi, digəri isə qeyri rəsmi. Görünən odur ki, iki gün ərzində, yəni noyabrın 29-da “Qarabağ”la keçirilən oyuna qədər məsələ həll olunmasa, Yevlax təmsilçisi Ağdam klubu ilə matça baş məşqçisiz çıxacaq.

Məsələ ilə bağlı “Karvan-Yevlax”ın prezidenti Kənan Kərimov və qeyri-rəsmi baş məşqçisi Füzuli Məmmədovla əlaqə saxlamağa çalışsaq da, hər iki şəxs telefona cavab verməyib. Klubun mətbuat xidməti isə məsələ ilə bağlı sabah rəsmi açıqlama yayacağını bildirib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest