Dünən Azərbaycan Respublikasının Gənclər Fondunun elan etdiyi 11-ci qrant müsabiqəsinin qaliblərindən biri olan Elmar Rzalının icra etdiyi "Həmrəylik kuboku" məktəblilər arasında basketbol turniri" layihəsinin açılış mərasimi və ilk oyunları keçirilib. Qonaqları və iştirakçıları salamlayan Rzalı bildirib ki, layihənin başlıca məqsədi basketbol idman növünü təbliğ etmək, yeniyetmə və gənclərin sağlam həyat tərzinə yiyələnməsinə töhfə vermək, məktəblilərin asudə vaxtlarının səmərəli təşkilinə nail olmaqdan ibarətdi.

Daha sonra yarışın püşkatma mərasimi keçirilib. Qazax rayonun 8 orta ümumtəhsil məktəbinin VII-XI sinif şagirdlərindən təşkil olunmuş komandalar rəqinlərini müəyyənləşdiriblər.

Qazax Olimpiya İdman Kompleksində keçirilən yarışın ilk matçında S. Nəsirov adına ürkməzli kənd tam orta məktəbin basketbolçuları E. Cəfərov adına çaylı kənd 2 nömrəli tam orta məktəbin komandasına qalib gəlib. Turnirin ikinci oyununda Qazax şəhər M. Hüseyn adına məktəb-liseyin komandası M. Həsənov adına Birinci Şıxlı kənd tam orta məktəbindən olan basketbolçu həmyaşıdlarını üstələyib.

Qazax şəhər S. Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin basketbolçuları da ilk qarşılaşmadan qələbə ilə ayrılıb, onlar Ş. Cəbiyev adına Daş Salahlı kənd 2 nömrəli tam orta məktəbin komandasından güclü olub. Adını növbəti mərhələyə yazdıran sonuncu komanda İ. Nəsibov adına Aşağı Əskipara kənd tam orta məktəbi üzərində texniki qələbə qazanan A. Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin basketbolçuları olub.

Bu gün yarışın yarımfinal mərhələsində S. Nəsirov adına ürkməzli kənd tam orta məktəbin komandası ilə Qazax şəhər M. Hüseyn adına məktəb-liseyin idmançıları, eləcə də, Qazax şəhər S. Əfəndiyev adına 1 nömrəli tam orta məktəbin kollektivi ilə A. Mustafayev adına Qazaxbəyli kənd tam orta məktəbin basketbolçuları üz-üzə gələcək. Bu mərhələdə qələbə qazanan komandalar sabah finalda, məğlub olanlar isə bürünc medallar uğrunda görüşdə qarşılaşacaqlar.

Turnirdə uğur əldə edən komandalar kubok, medal və diplomlarla təltif olunacaqlar. faktor.az

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest