Fransa Futbol Federasiyasının prezidenti Filipp Diallo Paraqvay milli komandasının sabiq qapıçısı Xose Luis Çilavertin DÇ-2026 turnirinin 1/8 final mərhələsindəki oyunla bağlı mübahisəli fikirlərinə reaksiya verib.
Matc.az xəbər verir ki, federasiya rəhbəri bu barədə özünün X sosial şəbəkəsindəki səhifəsində paylaşım edib.
Bu iki komanda arasındakı qarşılaşmadan əvvəl əfsanəvi eks-qapıçı Fransa seçməsini "Afrika yığması" adlandırıb. O, Paraqvayın "darmadağın və rüsvay ediləcəyini" iddia edən Kristof Dügarrinin sözlərinə bu cür cavab verib.
Filipp Diallo bu çıxışın irqçilik təzahürü olduğunu və Çilavertin futbolçu karyerası zamanı qazandığı nüfuzunu birdəfəlik itirdiyini qeyd edib:
"Çilavertin Fransa millisinə qarşı yönəlmiş irqçi bəyanatlarını ən kəskin şəkildə qınayıram. Onun sözləri hörmət, qardaşlıq və müxtəliflik kimi futbol dəyərlərinə zərbə vurur. O, vaxtilə böyük qapıçı olub, indi isə öz nüfuzunu tamamilə itirib".
Qeyd edək ki, gərgin keçən görüşdə Fransa 1:0 hesabı ilə qələbə qazanıb. Matçda yeganə qolu Kilian Mbappe vurub.
Fransa millisi 1/4 final mərhələsində Mərakeş yığması ilə qarşılaşacaq. Oyun iyulun 9-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.
Xatırladaq ki, Xose Luis Çilavert irqçiliklə bağlı qalmaqalların mərkəzinə ilk dəfə düşmür. O, daha əvvəl Vinisius Juniorun bu problemlə əlaqədar göz yaşlarına da kəskin reaksiya vermişdi.
Həmin vaxt paraqvaylı sabiq qolkiper braziliyalı oyunçunu təxribatçı və qalmaqal yaradan şəxs adlandırmışdı. Bu səbəbdən o, sosial şəbəkələrdə böyük narazılıqla üzləşmişdi.













