Didye Deşam dünya çempionatlarının pley-off mərhələsində 10 qələbə qazanan tarixdəki ilk baş məşqçidir.
Matc.az xəbər verir ki, bu barədə "Squawka" statistik portalı məlumat yayıb.
Bildirilir ki, 57 yaşlı mütəxəssisin rəhbərlik etdiyi Fransa millisi dünya DÇ-2026 turnirinin 1/8 finalında Paraqvayı 1:0 hesabı ilə məğlub etdikdən sonra bu rekord reallaşdırıb. Bunadək heç bir mütəxəssis dünya çempionatlarının pley-off qarşılaşmalarında ikirəqəmli qələbə sayı qazana bilməyib.
Fransalılar əvvəllər Deşamın rəhbərliyi altında DÇ-2018-in qalibi olublar və 2022-ci ildə finala qədər yüksəliblər. Təcrübəli baş məşqçi bu səviyyədə ilk qələbəsini isə DÇ-2014-də Nigeriya ilə oyunda əldə edib.
Didye Deşam, həmçinin dünya çempionatlarında qazanılan ümumi qələbə sayına görə də turnirin rekordçusudur (18). O, 2012-ci ildən bəri çalışdırdığı Fransa milli komandasının baş məşqçisi postunu cari turnir başa çatdıqdan sonra tərk edəcək.
Qeyd edək ki, Fransa millisi 1/4 final mərhələsində Mərakeş yığması ilə üz-üzə gələcək. Qarşılaşma iyulun 9-da Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.













