Yaponiyada keçirilən dünya çempionatındakı uğursuz nəticələrdən sonra qadın voleybolçulardan ibarət Azərbaycan milli komandasının baş məşqçisi Faiq Qarayev çalışdırıcılıq karyerasını başa vurub. Matç.az saytı xəbər verir ki, bu barədə məlumatı Azərbaycan Voleybol Federasiyasının rəsmi feysbuk səhifəsi yayıb.

59 yaşlı təcrübəli mütəxəssisin səhhətində yaranan ciddi problemlə bağlı məşqçilik fəaliyyətini yekunlaşdırmağa qərar verib. millimizi 4 dəfə dünya, 7 dəfə Avropa çempionatına yüksəldən, yığma və klubla bir sıra turnirlərdə uğurlara daşıyan çalışdırıcı bu idman növünün daha da irəli getməsi üçün işini davam etdirəcək. Qarayev komandalarımıza və yeni nəslə məsləhətlərini Azərbaycan Voleybol Federasiyasının I vitse-prezidenti kimi verəcək.

Yaponiyada keçirilən mundial Qarayev kimi voleybolçumuz Natalya Məmmədova (Skazka) üçün də sonuncu olub. Bir neçə dəfə yığmadan getdiyini açıqlayıb sonra geri dönən hücumçu bu dəfə milli karyerasına nöqtə qoyub. Azərbaycan voleybolunda xüsusi izi olan Natalya bundan sonra yığmanın heyətində yer almayacaq. Karyerasını Qazaxıstanda davam etdirəcək ulduz oyunçu Yaponiyada milli ilə vidalaşıb və bundan sonra əsas klubunun formasını geyinməyəcəyini açıqlayıb. O, bu qərarını gənc nəslə yol açması ilə əlaqələndirib.

Qarayevlə Məmmədova rəhbərliyə, oyunçulara, daim komandamızı dəstəkləyənlərə öz minnətdarlığını bildirib və uğurlar arzulayıblar.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest