Oyunöncəsi yerli mətbuata qısa açıqlama verən İsveç yığmasının baş məşqçisi Per-Erik Dalqvist final mərhələsinə yüksəlməmələrinin dünyanın sonu olmadığını söyləyib.

Kişi voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının seçmə mərhələsi çərçivəsində bu gün son oyununu keçirəcək. Matç.az saytının məlumatına görə, yığmamız Stokholmda İsveçlə üz-üzə gələcək.

Oyunöncəsi yerli mətbuata qısa açıqlama verən İsveç yığmasının baş məşqçisi Per-Erik Dalqvist final mərhələsinə yüksəlməmələrinin dünyanın sonu olmadığını söyləyib: "Avropa çempionatına vəsiqə qazana bilmədiyimiz üçün ölməli deyilik. Gələcəkdə bu komanda üçün mübarizə aparacaq çox səbəb var. Biz son matçda Azərbaycanla real mübarizə aparacağıq".

Qeyd edək ki, Yunanıstanın qrup birincisi kimi final mərhələsinə vəsiqə qazandığı G qrupunda Azərbaycan millisi ikinciliyi təmin edib. 7 qrup ikincisindən 5-nin final mərhələsinə adlayacağını nəzərə alsaq, yığmamız vəziyyətini daha da yaxşılaşdırmaq üçün son turda qələbə qazanmalıdı.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest