Kişi voleybolçular arasında Azərbaycan Yüksək Liqasında iki oyun keçirilib.
 
Matc.az xəbər verir ki, “Sərhədçi” Olimpiya İdman Mərkəzində günə “Azərreyl” – MOİK matçı ilə start verilib.
 
Görüş “hərbçilər”in qələbəsi ilə başa çatıb. İlk hissədə 25:20 hesabı ilə qalib gələn MOİK ardınca rəqibini 25:19 hesabı ilə məğlub edib. Üçüncü hissədə də 25:22 hesabı ilə üstün olan komanda 3:0 hesablı qalibiyyətə sevinib.
 
Ardınca eyni arenada “Exspress” - “Sərhədçi” oyunu təşkil olunub. Qarşılaşmada ilk setdə cəmi 32 top oynanılıb. “Exspress” 25:7 hesabı ilə qələbə qazanıb. Ardınca rəqibini 25:22 hesabı ilə məğlub edən komanda üçüncü setdə 25:21 hesabı ilə qalib gəlib – 3:0.
 
Beləliklə, 8-ci görüşündə aktivindəki xalını 16-ya çatdıran MOİK üçüncü pillədəki “Murov”la xal fərqini 1-ə endirib. “Exspress” qələbə sayəsində məğlubiyyətə üzülən “Azərreyl”lə xalını bərabərləşdirib. “Dəmiryolçular” 7 oyundan 6 xalla 5-cidirsə, onlardan set fərqinə görə qalan “Exspress” 6-cı pillədədir. “Sərhədçi” isə 7 oyundan sonra xal qazana bilməyib və sonuncudur.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest