Azərbaycan millisinin baş məşqçisi Ayxan Abbasov Lixtenşteyn üzərində qazanılan qələbəni şərh edib. Matc.az xəbər verir ki, mütəxəssis futbolçuların oyuna hazırlığından, qarşılaşmanın gedişindən və komandanın qarşısına qoyulan hədəflərdən danışıb.

Abbasov bildirib ki, rəqibin ilk oyunda xal qazandığını nəzərə alaraq, bu dəfə də çətin mübarizəyə hazırlaşıblar:

“Dünən də qeyd etdiyimiz kimi, rəqibin ilk oyunda bizdən xal aldığını bilirdik və bu dəfə öz meydanlarında daha inamlı çıxış edəcəklərini gözləyirdik. Eyni sistemlə, sıx müdafiə quraraq oynamağı və erkən qol vurmağı planlaşdırmışdıq. Əslində, erkən qol da vurduq, ilk dəqiqələrdə təhlükəli hücumlar təşkil etdik, qapı dirəyinə tuş gələn zərbələrimiz oldu. Lakin futbolçularda qələbə istəyi və tələskənlik bir qədər çox idi. Bu da hücumlarımızı daha rahat sonlandırmağımıza mane olurdu.

Ən əsası, bu turnirdə qarşımıza qoyduğumuz məqsədə çatmaq, birinci yeri tutmaq istəyirdik. Gələcək mövsümlərdə D Liqası keçirilməsə belə, C Liqasına yüksəlmək bizim üçün çox vacib idi. Çempionatın gərgin və stresli keçdiyi bir vaxtda diqqətlərini milli komandaya yönəldərək bu oyunda qələbə qazandıqları üçün futbolçulara təşəkkür edirəm”.

Baş məşqçi qarşıdakı Andorra ilə yoldaşlıq görüşündə heyətdə rotasiyalara üstünlük verəcəklərini də bildirib:

“Qarşıda Andorra ilə yoldaşlıq görüşümüz var. Həmin matçda bütün futbolçulara şans verməyə çalışacağıq. Komandaya yeni dəvət olunan oyunçuların da milli komandanın ab-havasını hiss etməsi vacibdir”.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest