Avstraliya və İordaniya milli komandaları arasında keçiriləcək yoldaşlıq görüşünün məkanı dəyişdirilib. Matc.az xəbər verir ki, noyabrın 17-də keçirilməsi nəzərdə tutulan qarşılaşma təhlükəsizliklə bağlı narahatlıqlara görə İordaniyanın paytaxtı Əmmandan Qətərin paytaxtı Dohaya köçürülüb.
Qərar Avstraliya Futbol Federasiyası ilə İordaniya Futbol Assosiasiyası arasında aparılan danışıqlardan sonra qəbul edilib. Buna səbəb Avstraliya millisinin futbolçularının İordaniyaya səfərlə bağlı təhlükəsizlik narahatlıqlarını dilə gətirməsi olub.
Avstraliya Futbol Federasiyasının rəhbəri Martin Kugeler İordaniya tərəfinə anlayış və əməkdaşlığa görə təşəkkür edib. O, qarşılaşmanın yeni məkanda keçirilməsinə razılıq verdikləri üçün İordaniya Futbol Assosiasiyasına minnətdarlığını bildirib.
Qeyd edək ki, Avstraliya millisi hazırda Qətərdə təlim-məşq toplanışındadır. Komanda noyabrın 14-də Qətərlə, noyabrın 17-də isə İordaniya ilə qarşılaşacaq. İordaniya ilə oyunun keçiriləcəyi stadion və başlama saatı hələ açıqlanmayıb.













