Vanda Naranın sevgilisi Martin Miges Mauro İkardini fiziki zorakılıqla hədələyib. Matc.az xəbər verir ki, hadisə argentinalı futbolçunun qızına qarşı zorakılıq tətbiq etdiyi barədə iddialardan sonra tərəflər arasında yaranan qarşıdurma zamanı baş verib.
 
Daha əvvəl “İnter”, PSJ və “Qalatasaray”ın sabiq hücumçusu Mauro İkardinin böyük qızını danladığı, ona zərbə endirdiyi və otağa kilidlədiyi iddia olunmuşdu. 11 yaşlı qız sosial şəbəkə vasitəsilə kömək istəyib, bundan sonra futbolçunun evinə polis əməkdaşları və təcili tibbi yardım briqadası gəlib. Hazırda İkardi qızına yüngül bədən xəsarəti yetirməkdə ittiham olunur.
 
Hadisə zamanı Vanda Nara və sevgilisi, sahibkar Martin Miges çəkilişdə olublar. Onlar işi yarımçıq saxlayaraq İkardinin evinə gəliblər və burada tərəflər arasında gərginlik yaşanıb.
 
İkardi ötən gün ifadə verərək hadisələrin öz versiyasını açıqlayıb. O, qızına qarşı fiziki zorakılıq tətbiq etdiyini təkzib edib və telefonundakı səs yazısını sübut kimi təqdim edib. Həmin yazıda Migesin futbolçunu hədələdiyi eşidilir.
 
Puro Show verilişinin yaydığı məlumata görə, gərgin dialoq polis əməkdaşlarının iştirakı ilə baş verib. İkardi polislərin evdə axtarış aparmasına və qızın əşyalarını götürməsinə məhkəmə qərarı olmadan icazə verməyəcəyini bildirib. Miges isə futbolçuya sərt şəkildə xəbərdarlıq edərək belə deyib: “Mən yetkin kişiyəm, mənə hörmətsizlik etməyə cəsarət etmə! Sən mənim səviyyəmdə deyilsən. Mən nə L-Gante-yəm, nə də Maksi Lopes. Yaxşısı budur, dediklərimə qulaq as. Bunu xəbərdarlıq kimi qəbul et: sifətini dağıdacağam!”
 
Polis əməkdaşları müdaxilə edərək tərəfləri sakitləşdirməyə çalışıblar. Buna baxmayaraq, Miges İkardiyə qarşı təhdidlərini davam etdirib və onu döyüşə çağırıb. 33 yaşlı futbolçu isə mübahisəni davam etdirməyərək qızının onun yanında qalacağını bildirib.
 
İkardi daha sonra polisə qızının evdən icazəsiz çıxmaq istədiyini və bu səbəbdən onun barəsində həqiqətə uyğun olmayan iddialar səsləndirdiyini deyib. Miges isə yenidən mübahisəyə müdaxilə edərək futbolçunu qızına əl qaldırmaqda ittiham edib.
 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest