Azərbaycan millisinin voleybolçusu Kristina Yaqubova bu günlərdə Rusiya klubu "Lipetsk"lə müqavilə imzalayıb. Matc.az xəbər verir ki, yeni komandası ilə 1 illik sazişə qol çəkən 23 yaşlı toppaylayıcı klubun rəsmi saytına müsahibə verib.

"Lipetsk"ə Finlandiya klubu "Solo"dan keçən Yaqubova bu seçiminə də aydınlıq gətirib.

- Voleybola nə vaxt maraq göstərmisiniz?

- Uşaqlıqdan idmana həvəs göstərirdim: uşaqlar küçədə futbol, basketbol oynayır, xizək sürür, məktəb üçün müxtəlif yarışlarda mübarizə aparırdılar. 9 yaşım olanda dərsə bir voleybol məşqçisi gəldi. İdmançı və uzun boylu qızlar axtarırdı. Məni bölməyə dəvət etdi. İlk məşq xoşuma gəldi və yarışdan çıxdıqdan sonra ömrüm boyu bunu etmək istədiyimi başa düşdüm. Voleybol əyləncəli və maraqlı bir komanda idman növüdü. Mənə yaxşı hisslər və adrenalin verir.

- çətin dönəmdən keçmisiniz?

- Düşünürəm ki, bu, idman və digər fəaliyyət sahələrində olur. Karyeramda zədələr, tənəzzüllər yaşadım. Amma necə deyərlər: "bu bizi öldürməz, daha güclü edər". Hər gün öz işimdə daha yaxşı olmağa çalışıram. Dəstəkçilərim ailə və yaxın insanlardı.

- 2018-19 mövsümünü necə xatırlayırsınız?

- Soyuq qış (gülür). Bakıda Finlandiya kimi soyuq deyil.

- Niyə klubu və ölkəni dəyişmək qərarına gəldiniz?

- Rusiya çempionatı dünyanın ən güclülərindən biri hesab olunur ki, bu da oyun planında böyümək, daha yaxşı olmaq, eyni zamanda gücünüzü sınamaq deməkdi. Buna görə də "Lipetsk" klubunun təklifi ilə dərhal razılaşdım. Bundan əlavə, komandanın gənc və iddialı olduğunu eşitdim.

- Artıq oyunlarda iştirak etmisiniz. Komanda barədə ümumi təəssüratlarınız necədi?

- Kollektiv mehriban və pozitivdi. Belə yerdə oynamaq xoşdu. Bir az komanda işində çatışmazlıq var. Bir-birlərini daha da yaxşı hiss etmək və minimal səhvlər üzərində işləmək lazımdı.

- Qarşıdakı mövsüm üçün şəxsi hədəfləriniz nələrdi?

- Tapşırıqları maksimum dərəcədə yerinə yetirməyə çalışacam. Komandaya ən yüksək nəticələr qazanmağa kömək etmək istəyirəm.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest