Azərbaycan Voleybol Federasiyası və Milli Olimpiya Komitəsinin birgə təşkilatçılığı ilə keçirilən məşqçilərin texniki təlim kursu başa çatıb. Matc.az saytı xəbər verir ki, kursun iştirakçısı Cavid Süleymanov təəssüratlarını bölüşüb.

O bildirib ki, FİVB "Level 2" kurslarının keçirilməsi hər ölkəyə həvalə edilmir: "Belə kursların ölkəmizdə keçirilməsi biz idmançılar üçün çox əlverişlidi. Mən də bu kursda iştirak etdim. Hazırda oyunçu kimi fəaliyyətimi davam etdirsəm də, bu kursda iştirak etməyi özümə borc bildim. çünki burda bizlərə məşqçiliyin sirləri öyrədildi və bu, gələcəkdə məşqçi işləmək üçün bizim üçün çox vacibdi. Düşünürəm ki, yaxşı voleybolçu olmaq yaxşı məşqçi olmaqdan daha asandı. Məşqçilik daha çətin və daha məsuliyyətli peşədi".

Beş gün davam edən kurs Dərnəgül Voleybol Mərkəzində təşkil olunub. Süleymanov nəzəri və praktiki məşğələlərin burda keçirildiyini vurğulayıb: "Təşkilatçılıq yüksək səviyyədə idi. Texniki təlim kursunu isə FİVB tərəfindən təyin edilən rumıniyalı mütəxəssis Dan İllie Girleanu keçirdi. İlk öncə "online" imtahan verdik və bu imtahanın nəticələrini FİVB qiymətləndirdi. Sonuncu gün isə zalda voleybol biliklərimizin tətbiq olunması üzrə imtahan verdik. Hər iki imtahanın nəticələrinə görə, iştirakçılara Beynəlxalq Voleybol Federasiyasının (FİVB) sertifikatı (Level 2) verildi".

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest