Bu gün Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həmrəyliyi Fondunun, Beynəlxalq Voleybol Federasiyasının (FİVB) dəstəyi, Azərbaycan Respublikası Milli Olimpiya Komitəsinin və Azərbaycan Voleybol Federasiyasının təşkilatçılığı ilə voleybol idman növü üzrə məşqçilərin təlim kursunın açılış mərasimi keçirilib.

Matc.az xəbər verir ki, tədbirdə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Vaqif Əliyev, AVF-nin baş katibi Cəlil Cəfərov, AzərReyl Voleybol Klubunun prezidenti Fərid Xəlilov, Azərbaycanda yerləşən Regional Voleybol İnkişaf mərkəzinin rəhbəri Nərgiz İsmayılova, Milli Olimpiya Komitəsinin İdman idarəsinin rəisi Həsənağa Rzayev və təlimin müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Dan İllie Girleanu işitirak ediblər.

Tədbiri giriş sözü ilə açan Həsənağa Rzayev məşqçilər üçün belə layihələrin keçirilməsi ilə idman sahəsinə müsbət təsirindən danışıb. Bu günə qədər 200-ə yaxın idman mütəxəssisinin iştirak etdiyi kursda Rzayevin müxtəlif idman növləri üzrə məşqçilərin yetişdirildiyini qeyd edib. Həmçinin Azərbaycan Voleybol Federasiyasına sıx əməkdaşlığa görə təşəkkürünü bildirərək, növbəti il üçün yeni layihələrin keçiriləcəyinə ümid etdiyini qeyd edib.

Tədbirdə iştirak edən Azərbaycan Voleybol Federasiyasının rəsmiləri, eləcə də, klub rəhbəri iştirakçıları salamlayıb və onlara gələcək voleybol fəaliyyətlərində uğurlar arzulayıblar.

Kursun müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi Dan İllie Girleanu Beynəlxalq Olimpiya Komitəsinin Olimpiya Həməylik Fondu və Beynəlxalq Voleybol Federasiyasının müxtəlif ölkələr üzrə keçirdiyi kursdan danışıb. Məşqçilərin texniki bilikləri, idmançılar üçün müxtəlif texnikaların inkişaf etdirilməsi və digər sahələri əhatə edəcəyini qeyd edib.

Layihənin əsas məqsədi beynəlxalq dərəcəli voleybol məşqçilərinin yetişdirilməsi, nəzəri və praktiki biliklərinin genişləndirilməsidi. Məşğələlər Beynəlxalq Voleybol Federasiyasının müvafiq proqram üzrə beynəlxalq dərəcəli mühazirəçisi tərəfindən keçiriləcək və kursu uğurla bitirmiş məşqçilər sertifikatlarla təltif olunacaqlar.

Layihədə ümumilikdə 30 məşqçi iştirak edir. Bunlar Türkiyə, İran, Qazaxıstan, Kipr və Azərbaycan Respublikasının məşqçiləridi. Təlim kursları 5 gün və Dərnəgül Voleybol Mərkəzində 09:00-dan 17:00-a kimi və iki hissədən (nəzəri və praktik) ibarət olmaqla keçiriləcək. İştirakçılar "Level 2" təlim kurslarına yiyələnmək üçün iştirak edirlər.

Qeyd edək ki, Milli Olimpiya Komitəsi və Azərbaycan Voleybol Federasiyası artıq bir neçə dəfə məşqçilərin bilik və bacarıqlarını artırmaq üçün birgə bu kimi tədbirlərin təşkilatçısı olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest