“Latsio”nun baş məşqçisi Cennaro Qattuzo komandasının mövsümün əvvəlində üzləşdiyi tənqidlərə sərt cavab verib.

Matc.az xəbər verir ki,  İtaliya A Seriyasının son turunda səfərdə “Torino”ya qarşı çətin qələbə qazanan paytaxt təmsilçisi son 13 çempionat matçında 11-ci qələbəsini əldə edib. Komandasının nümayiş etdirdiyi mübarizədən razı qalan Qattuzo mövsümöncəsi verilən bədbin proqnozları da unutmadığını bildirib.

Təcrübəli mütəxəssis oyundan sonra “Sky Sport Italia”ya açıqlamasında bunları deyib:

“Bizi artıq məğlub olmuş kimi göstərirdilər, uğursuzlar dəstəsi adlandırırdılar. Bu gün komandamla fəxr edirəm. Bir addım belə geri çəkilmədik və futbolçularımın çıxışı məni çox razı saldı. Çətinliklərlə üzləşmək normaldır. Bizim əsas sirrimiz mentalitetimiz və qələbə istəyimizdir”.

Qeyd edək ki, “Latsio”nun son oyunlardakı uğurlu çıxışı komandanın A Seriyasındakı mövqeyini xeyli yaxşılaşdırıb. Qattuzo isə futbolçularının mübarizə əzmini mövsümün sonunadək qoruyacağına inanır.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest