19 Noyabr 2026, 14:11
FUTBOL
Futzal üzrə Azərbaycan çempionatının yeni mövsümünün təqdimat mərasimi keçirilib. Matc.az xəbər verir ki, tədbirdə AFFA-nın baş katibi Cahangir Fərəcullayev açılış nitqi ilə çıxış edərək yeni mövsümlə bağlı gözləntilərini bölüşüb: “Yeni mövsümün tanıtımında dəyişikliklər baş verəcək. Futzal federasiyası artıq AFFA-nın nəzdində departament kimi fəaliyyət göstərəcək. AFFA-nın tərkibində önəmli rol oynayır. Artıq dəyişikliklərə ehtiyac var. Bu il çempionatın formatı dəyişir. Yeni komandalar iştirak edəcək. Hər birinə uğurlar arzulayıram. Sizi maraqlı, ədalətli liqa gözləyir”.
Baş katib milli komandadakı dəyişikliklərdən də danışıb: “Bu yaxınlarda milli komanda yeni dövrə qədəm qoydu. Bundan sonra millimizdə yalnız azərbaycanlılar oynayacaq. İlk oyunumuz Lənkəranda olmuşdu və böyük izdiham yaşanmışdı. Bundan sonra da futzal prioritetlərimizdən biri olacaq. Milliyə uğurlar arzulayıram. Ümid edirəm ki, bundan sonra reytinqdə irəliləyəcəyik”.
Daha sonra çıxış edən futzal və çimərlik futbolu departamentinin rəhbəri Fərid Babayev yeni mövsümün formatı və tətbiq olunacaq yeniliklər barədə məlumat verib: “Sentyabrın 1-dən AFFA-nın daxilində departament yaradılıb. Məqsəd klublarla əlaqələri gücləndirmək, yeni futzalçılar üzə çıxarmaq və bölgələrdə futzalı tanıtmaqdır. 21 komanda arasında mübarizə gedəcək. Yüksək Liqada 10, Birinci Liqada 11 komanda iştirak edəcək. Bunlardan əlavə, Üçüncü Liqa, yəni U-19 liqası yaradılacaq. Orada da 6 komanda mübarizə aparacaq. İlk mərhələdən sonra ilk 6 yeri tutan komandalar “Çempionluq qrupu” adlanan A qrupunda, 7-10-cu yerləri tutan komandalar isə “Prestij qrupu” adlanan B qrupunda çıxış edəcək. İlk mərhələdən sonra xallar sıfırlanacaq. Sonuncu pilləni tutan komanda növbəti mövsüm Birinci Liqada mübarizə aparacaq. 9-cu yeri tutan komanda isə pley-off matçına çıxacaq.
Birinci Liqada yarışın formatı tam fərqli olacaq. Çempionat iki dövrəli sistem üzrə keçiriləcək. Hər komanda digər rəqibləri ilə iki dəfə qarşılaşacaq. Hər turda bir komanda istirahət edəcək. Bu mövsümdən legioner limiti də tətbiq olunacaq. Bu, 2+3 qaydası ilə həyata keçiriləcək”.













