“Təəssüf ki, son periodda rotasiyadan az istifadə edə bildik. Çox yorulmuşduq, çünki 7 günə 3 matç keçirmişik. Yorğunluğa görə sadə top itkiləri etdik"
“Gəncə” basketbol komandası FIBA Avropa Kubokunun müntəzəm mövsümündə növbəti oyununa çıxıb. Matc.az xəbər verir ki, komanda V tur çərçivəsində Rumıniyada “Universitatea” komandasının qonağı olub. Murad Dikmənin baş məşqçisi olduğu kollektiv meydanı 96:105 hesablı məğlubiyyətlə tərk edib.
Məğlubiyyətdən sonra komandanın çıxışını dəyərləndirən Dikmen oyunun ilk hissəsindən razı qaldığını bildirib: “İlk hissədə istədiyimiz basketbolu oynadıq. Həm hücumda, həm də müdafiədə məşqdə çalışdıqlarımızı yerinə yetirdik. Fasilədən sonra yaxşı başlaya bilməsək də, tezliklə toparlandıq və yenidən nəzarəti ələ aldıq”.
Məşqçi məğlubiyyətin səbəbini son periodda yorğunluqla izah edib: “Təəssüf ki, son periodda rotasiyadan az istifadə edə bildik. Çox yorulmuşduq, çünki 7 günə 3 matç keçirmişik. Yorğunluğa görə sadə top itkiləri etdik, müdafiədə səhv buraxdıq, hücumda isə nəticə ala bilmədik. Nəzarəti itirdik və uduzduq”.
Dikmen komandanın təslim olmayacağını vurğulayıb: “Səhvləri aradan qaldırmaq üçün çalışacağıq. Təslim olmayacağıq”.
O, zədəlilərin sıraya qayıtmasından sonra tam heyətlə məşq keçmək istədiklərini bildirib. Məşqçinin sözlərinə görə, komandanın məqsədi həm Avropa Kubokunda, həm də liqada ev oyunlarını qələbə ilə başa vurmaqdır.













