Azərbaycanı UEFA Çempionlar Liqasında təmsil edən "Sabah" klubunun baş məşqçisi Valdas Dambrauskas və komandanın müdafiəçisi Timoteuş Puxaç turnirin liqa mərhələsinin 4-cü turu çərçivəsində Norveçin "Viking" komandasına qarşı keçiriləcək oyun öncəsi fikirlərini bölüşüblər. Matc.az xəbər verir ki, oyunla bağlı təəssüratlarını bölüşən müdafiəçi Timoteuş Puxaç klubun gənc olmasına baxmayaraq, böyük bir uğur dövrü yaşadıqlarını vurğulayıb:

"Klubumuz hələ çox gəncdir, ona görə də öz tarixini yazmağa və ənənələrini formalaşdırmağa yeni başlayır. Lakin hazırda heyətimizdə əla oyunçular var və klubun özü də yüksək səviyyədə təşkilatlanıb. Çox uğurlu bir dövr yaşayırıq və çalışmalıyıq ki, bu dövrü mümkün qədər uzadaq. Biz öz gücümüzü hiss edirik və düşünürəm ki, bu, oyunumuzda da aydın görünür."

Futbolçu həmçinin komandanın Çempionlar Liqasındakı debütlərinə və gələcək planlarına toxunub:

"Biz Çempionlar Liqası üçün tamamilə yeniyik. Ayaqlarımız möhkəm yerə basır və qarşımıza uzunmüddətli hədəflər qoymuruq. Əgər anı yaşamaq əvəzinə daim gələcək hədəflər barədə düşünsəniz, ətrafınızda baş verənləri qaçıra bilərsiniz. Biz heç bir anı əldən vermək istəmirik – hazırda gözəl bir nağılın içindəyik və istəyirik ki, bu nağıl mümkün qədər uzun sürsün".

Baş məşqçi Valdas Dambrauskas isə qarşılaşmaya hazırlıq prosesindən danışaraq rəqibi hərtərəfli təhlil etdiklərini bildirib:

"Düşünürəm ki, biz hər hansı digər oyuna hazırlaşdığımız kimi – rəqibimizin oyunlarını təhlil edərək hazırlaşdıq. Püşkatma nəticəsində "Viking"lə qarşılaşacağımız bəlli olandan bəri, onların həm daxili çempionatdakı, həm də Çempionlar Liqasındakı bütün oyunlarını izlədik."

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest