“Çempionlar Liqasında səfərdə qələbənin qədrini bilməliyik. Bu, son dərəcə çətindi. Qarşılaşmanın iki fərqli hissəsi oldu. İlk yarıda üç-dörd qol vura bilərdik, lakin imkanlardan yararlana bilmədik”. Matc.az xəbər verir ki, bunu “Arsenal”ın baş məşqçisi Mikel Arteta deyib.
Çempionlar Liqasının IV turu çərçivəsində Praqada “Slaviya” üzərində 2:1 hesablı qələbədən sonra komandasının çıxışını dəyərləndirən ispaniyalı mütəxəssis ikinci hissədə komandasının oyununda ciddi eniş olduğunu etiraf edib:
“İkinci hissənin əvvəlində müdafiəyə çəkildik, çox səliqəsiz oynadıq və top itkilərinə yol verdik. Buna görə də müəyyən müddət əziyyət çəkməli olduq. Öyrənməli olduğumuz çox şey var”.
Baş məşqçi heyətdə altı dəyişiklik etməsi ilə bağlı suala da cavab verib. O, futbolçularının keyfiyyətinə güvəndiyini və eyni qərarı yenidən verəcəyini bildirib.













